00:00:00
Yazar
Admin User
17.12.2025 16:37 92 3 dəq oxuma
Sosial

Gənclər psixolaqa üstünlük verirlər, yoxsa onlardan qaçırlar?

Gənclər psixolaqa üstünlük verirlər, yoxsa onlardan qaçırlar?

Son illərdə gənclərin psixoloqlara müraciət etdiyi hallar artmaqda davam edir. Bununla belə, hələ də bir qismi sosial stereotiplər və şəxsi qorxular səbəbindən psixoloqdan məsləhət almaqdan çəkinir. Bu vəziyyət gənclərin psixoloji dəstək xidmətlərinə yanaşmasını sual altına qoyur.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan gənc Aytac Mirzəzadə qeyd edib ki, psixoloqa müraciət etmək barədə düşünəndə məni ən çox qorxudan və çəkindirən məqam, yəqin ki, özümü təhlil etmək məcburiyyətidir:

 

“İllərdir yığılıb qalan fikirləri, hissləri və bəzən özümə belə etiraf etmək istəmədiyim tərəfləri kənar bir insana demək mənə çətin gəlir. Elə bilirəm ki, danışdıqca zəif görünə bilərəm və ya düşüncələrim səhv başa düşülə bilər. Bir tərəfdən də “bu insan məni başa düşə biləcəkmi?” sualı məni çox düşündürür. Axı hər insanın fərqli yaşam tərzi var və qorxuram ki, yaşadıqlarım onun üçün adi, şişirdilmiş və ya əhəmiyyətsiz görünə bilər. Psixoloqun məni tam dinləmədən hazır cavablar verməsi ehtimalı da içimdə narahatlıq yaradır. Bir başqa çəkindirən məqam isə cəmiyyətin baxışıdır. Çünki biz hələ də psixoloqa getməyin zəiflik kimi qəbul edildiyi bir cəmiyyətdə yaşayırıq. Düşünürəm ki, ətrafımdakı insanlar bunu bilsə, məni problemi olan biri kimi görməyə başlaya bilərlər. Bu isə özümə olan inamıma təsir edə bilər.Bəzən də elə hiss edirəm ki, psixoloqa getsəm, bəzi həqiqətlərlə üzləşməli olacağam və buna hazır olub-olmadığımdan tam əmin deyiləm. Daxilimdə dəyişməli olduğum tərəfləri görmək və məsuliyyəti üzərimə götürmək asan deyil. Həmçinin terapiyanın zaman və enerji tələb etməsi də məni tərəddüdə salır. Bütün bunlara baxmayaraq, içimdə bir tərəf düşünür ki, psixoloqa müraciət etmək zəiflik deyil, əksinə, özünü tanımaq və özünü yaxşılaşdırmaq üçün atılan bir addımdır. Amma bu addımı atmaq üçün hələ də özümü tam hazır hiss etdiyimə əmin deyiləm”. 

 

Mövzu ilə bağlı “İnformator.az”a  bir digər gəncimiz Sərxan Abdullayev danışıb:

 

“İnsanları psixoloqa getməkdə ən çox narahat edən amil sosial qınaqdır. Çünki fikirlərinin birmənalı qarşılanmamasından qorxurlar. Dediyim kimi, sosial qınaqdan çəkinirlər. Yəni hər insanın müxtəlif fikri ola bilər və sosial cəmiyyət buna həmişə birmənalı yanaşmır. Müəyyən çərçivələr var və onlardan kənara çıxan fikirlər eyni şəkildə qəbul edilmir. Təbii ki, bu, hamıya aiddir. Öz adımdan cavab versəm, şəxsi olaraq mən heç bir qorxu və ya çəkinmə hiss etməmişəm. İndiyə qədər psixoloqa müraciət etməmişəm, amma müraciət etməyi düşünürəm”.

 

Mövzu ilə bağlı “İnformator.az”a psixoloq Vüsalə Əmiraslanova açıqlama edib:

 

“Son dövrlər gənclərin psixoloqa müraciət etməsinin səbəbləri artıb və müraciətlərin sayı da çoxalıb. Əvvəlki dövrlərlə müqayisədə indi psixoloqa müraciəti gənclər daha çox özləri edirlər, ailələri yox.

 

Mən düşünürəm ki, bunun səbəbi onların həqiqətən də özünü dərk etməyə tələsmələri, problemlərini həll etməyə çalışmaları və zamanı dəyərləndirmək istəmələridir. Bəzən iradəsiz olan gənclər, aqressiv olan gənclər, özünü həyatda tapa bilməyən gənclər də psixoloqa müraciət edirlər. Təəssüf ki, bəzən özlərində problemi görməyən gənclər də olur ki, onların yerinə başqaları müraciət edir. Belə hallarda biz psixoloqlar hər zaman deyirik ki, effektivlik bir qədər aşağı düşür. Çünki insan özünü dərk edirsə və psixoloqa şəxsən özü müraciət edirsə, bu daha yaxşı nəticə verir. Əvvəlki dövrlərdə psixoloqu psixiatrdan çox zaman səhv salıblar və düşünüblər ki, “biz dəli deyilik ki, psixoloqa gedək”. Amma indi şükür ki, son dövrlərdə görürük ki, insanlar psixoloqla psixiatrın fərqini anlayırlar və müraciətlərdə həqiqətən də artım var. Daha çox müraciətlər özgüvənlə bağlı, aqressiya ilə bağlı, səbirsizlik, həyatdan zövq ala bilməmə, depressiya, panik atak, obsesiv-kompulsiv pozuntu ilə əlaqəli olur. Bəzən şəxsiyyət problemləri, bəzən özünü işdə təsdiq edə bilməmə, ailədaxili problemlər, iş yerində çətinliklər, təhsildə uğursuzluq və s. də psixoloqa müraciət səbəblərindən biri olur”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər