Gənclər və vətəndaş mövqeyi: susqunluq, yoxsa yeni ifadə forması?
Müasir dövrdə gənclərin cəmiyyətdə tutduğu mövqe və vətəndaş fəallığı tez-tez müzakirə olunur. Bir tərəf düşünür ki, gənclər ictimai proseslərə laqeyddir, digər tərəf isə onların sadəcə fərqli yollarla mövqelərini ifadə etdiyini bildirir. Sosial şəbəkələr, rəqəmsal platformalar və yeni ünsiyyət formaları vətəndaş mövqeyinin də mahiyyətini dəyişib.
Bu mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a bildirib ki, bu məsələyə belə yanaşmaq olar: Gənclər böyüdükləri ailə modeli və mühiti ilə ciddi şəkildə formalaşırlar:
“Yəni, bu, hər birimizə aiddir. Əgər ailədə fikir bildirmək, özünü ifadə etmək, azad danışmaq, özünə güvən kimi dəyərlər varsa, gənc də cəmiyyətdə, sosial şəbəkədə, müxtəlif platformalarda rahatlıqla fikrini ifadə edə bilir. Yox, əgər ailədə qorxu, şiddət, qəzəb mühiti hökm sürübsə və "fikrimi desəm, tənqid olunaram", "əngəllənərəm", "linçlənərəm" kimi düşüncələrlə böyüyübsə, bu gənclər cəmiyyətdə də eyni ilə fikrini bildirməkdən çəkinirlər. Bu, onların psixoloji inkişafı və özlərinə inamları ilə sıx bağlıdır. Təbii ki, fikri ifadə etmək təkcə danışmaq deyil. Əsas olan, bunu səlis, insanı incitməmiş formada və etik çərçivədə etməkdir. Bu, çox zaman qorxu deyil, bir növ özünü qoruma instinktidir. Çünki düşünürlər ki, "fikrimi desəm, qəbul olunmayacaq" və ya "linçlənəcəm", "ciddiyə alınmayacam". Ona görə də bir çox gənclər səssiz qalmağı, müşahidə etməyi, heç fikir bildirməməyi üstün tuturlar. Bu, passivlik deyil, sadəcə emosional müdafiə mexanizmidir və fərddən-fərdə dəyişə bilir. Özünə inanan bəzi gənclər hər zaman aktiv görünməsələr də, fikirlərini ifadə edəndə əminliklə və öz mövqelərini qoruyaraq bunu edirlər. Yəni, onlar danışmaq məcburiyyətində olmadan da, davranışları ilə, fəaliyyətləri ilə vətəndaş mövqeyini göstərə bilirlər. Vətəndaş fəallığı təkcə siyasi və sosial məsələlərlə məhdudlaşmır. Bu, insanın öz düşüncəsinə, dəyərinə, mövqeyinə sahib çıxmasıdır. Tənqid etmək yox, fikri sağlam, səmimi və insani dildə ifadə etmək əsasdır. Hər bir gənc, fərd olaraq, sakit şəkildə də öz mövqeyini ortaya qoya bilər”.
Cavahir Əsgərbəyli
