Gənclərin bacarığını kəşf etməliyik
İncəsənət sizin üçün nə ifadə edir?
-Hər bir insanın özünün ifa tərzi var. İncəsənət demək olar ki, mənim yaşam tərzimi ifadə edir. İncəsənətin müxtəlif növləri var. Bu növlər də bir-birinə sıx, zəncirvari olaraq bağlıdı. İncəsənət ümumiyyətlə həyatda baş verənlərin bədii ifa tərzidir
Sizin incəsənətə, rəssamlığa meyiliniz nə ilə başlayıb?
-Hər bir uşaq məktəb illərindən nəyinsə arzusunda olur. Bəzən ailədə bu arzular ciddi şəkildə qarşılanmır. O dövrün oyuncaqları rəngli qələmlərdən ibarət idi. Hardasa uşaq yaşlarımdan incəsənətə meyil məni öz sirli aləminə qonaq edib. Mənim yadıma gələn anlar ilk uşaqlıq dövrümdən - 2 yaşımdan başlıyır. Mənim yadımdadır ki, 2 yaşımdan başlayaraq qara qələmlə stolun altında divlərin şəklini, bağ yerində suvaqlı divarda kömürlə rəsmlər çəkirdim. Məktəb illərimdə mənim üçün oyuncaqlarımdan belə maraqlı olan rəngli qələmlərim idi. Çünki, onlarla yeni ideyalar yaradıb, yeni rəsmlər çəkmişəm. 3-4 siniflərdə oxuyarkən rəsm dərnəylərinə getməklə, rəsmə olan marağım daha da artdı. Düzdür, mən bundan savayı, bir neçə sahə var ki, onlarla da maraqlandım. Amma atam mənə həmişə deyirdi ki, çalış bir yol seç, o yolda ixtisaslaş.
Niyə məhz rəssamlıq?
-Uşaqlıqdan gələn maraq deyək.
Ən çox hansı üslubda işləyirsiniz və bu nədən formalaşıb?
-Hələ də üslublar arasında axtarışlar, özünü onlarda tapmaq və inkişaf etdirmək kimi məsələlər var. Tələbəlik illərimdən “mənim bu yolda bəxtim gətirdi” dediyim müəllimlərim olub. Məsələn Məsumə xanım Ağayeva - o, həm görkəmli pedaqoq, həm də rəssam olub. Məsumə xanım, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, mənim atamın və hətta mənim də müəllimim olub. Rəssamlardan Mirazər Abdullayev də, mən də onun sonuncu tələbələrindən olmuşuq. Tofiq Rəsulov da mənim müəllimim olub. O, incənət tarixində mənə bütün janrları, mərhələləri, rəssamları, Avropa sənətini xüsusi məkanlarda, məsələn Qobustanda və belə səyahətlərdə öyrədib. Bizim öz milli dilimiz qədər, incəsənət dilimiz də önəmlidir. Məsələn, şərq məkanına baxanda, burda miniatür duluşçuluq, xalçaçılığı kimi nümunələri görürük. Biz müasir deyəndə təqvimi nəzərdə tutmuruq. Çünki Qobustan qaya üstü təsvirləri də müasirdir, Üzeyir bəyin musiqiləri, Bethoven , “Arşın mal alan” , “ Hophopnamə” də müasirdir. Çünki bunlar aktuallığını hələ də qoruyub saxlayır. Bütün bunlar, insanın formalaşmasına, özünü tapmasına, hansı janrda irəliləməsinə kömək edir.
Rəssamlıq həyatınızda əsərlərinizdən sizdə ən çox iz buraxan əsərləriniz hansılardır?
-Ən çox iz qoyan əsərlərimdən mənə görə “ Nar” , “Şanapipik” və “ Nargilə” əsərimdir. Məsələn “ Nargilə” əsərim – narla qız çox insan çəkib, istər Azərbaycan incəsənətində, istərsə də Dünya incəsənətində buna çox yer verilib. Mənim bu əsərim cızmaqaradan yaranıb. Çünki mən istər dərslərdə, istərsə də adi çay içəndə, hər an nəsə çəkməyi, axtarmağı çix sevirəm. Cızmaqaradan sonra isə kətanda bu işi rənglə əldə etmək istədim. Daha sonra onun müxtəlif variantlarını hazırladım. Eyni zamanda onu onlayn şəkildə konkursa yolladım. Orda, təkcə rəssamlar yox, yazıçılar da var idi. Ordan mənə məktub gəldi-bu məktub əsərimin plagiat olub- olmaması ilə bağlı idi.Məlum oldu ki, eyni vaxtda Pribaltikada bir uşaq yazıçısı hekayədə belə bir personaj yaradıb. Mənə bu əsəri oxuyub- oxumadığım soruşuldu. Halbuki mənim bu hekayə ilə bağlı məlumatım belə yox idi. Hətta bu əsərimin bir variantını da Belarusiyaya bağışladım.
Daxili dünyanızı əks etdirən əsərləriniz hansıdı?
-Mən deyə bilmərəm tam olaraq daxili dünyamı əks etdirən əsər hansıdır. Mən yeni nələrdənsə, daim təsirlənirəm, özümü inkişaf etdirirəm. Məsələn, 44 günlük müharibə dövründə tam fərqli mövzulara, kompozisiyalara başladım. Əsasən çalışıram ki, insanlarda pozitifliyi əks etdirim. Bəzən də həmin o sərtliyi ruhu əks etdirmək lazım gəlir- müharibə dövründə də bu belə idi. Mən bu dövrdə “ ağ at və əsgər” əsərini işlədim. Müharibə bitdikdən sonra “ xarıbülbül” ün fərqli simvolunu işlədim. Monumental rəssamlığa da aid sərgilərim olub. Hətta caz ustalarının portretlərindən ibarət kompozisiyalarım bu sərgilərdə yer alıb. Burda monumental formalar, sərtlik və s. var idi . Nargiləni görən tamaşaçılar mənim fərqli üslubumu da görmüş oldular. Burda mən müəllimim Sabir Şıxlının mənə öyrətdiklərindən istifadə etdim. Bu sərgi iz buraxdı, mən bu sərgidə özümü gördüm. Bir sözlə, mənim dünyamı əks etdirən əsərlər həmin dövrdə təsirləndiklərimdən yola çıxaraq işlədiyim bütün əsərlərimdi.
Sizi rəsm çəkərkən ruhlandıran nədir?
-Ümumiyyətlə mən rəsm ləvazimatlarıma, palitraya yaxınlaşanda ruhlanıram. Bəlkə də uşaqlıqdan mənə rəngli qələmlər veriləndə başlayıb bu həvəs, indi də belədir. Mən atamın ləvazimatlarına baxdığımda keçirdiyim hisləri indi də palitraya yaxınlaşanda hiss edirəm. Digər tərəfdən məni ruhlandıran Abşerondu. Mənə görə Abşeronda nəsə sirli bir şey var. Mən Abşerona bağlıyam, bura sirli bir aləmdi- ağ evlər, göy səma və göyərçinlər. Rəng koloriti-qayalıq, qumluq və dəniz mənə başqa cür təsir edir. İşimiz yaxşı alınmayanda da özümüzü ruhlandırmalıyıq, biliyimizə güvənərək , aniliyi , əsəri necə fərqli dəyişə bilərik bunu bilməliyik və s.
İnsan rəsm çəkəndə dincəlir, problemlərindən uzaqlaşır bu sizcə də belədirmi?
-Bəli, belədir. Mən rəssamlığa belə baxıram, öz adıma deyə bilərəm ki, rəssamlıq fərqlidi. Biri var əldə etdin oturursan, yalnız onu işliyirsən. Birdə var ki, məsələn mən yeni baxış nöqtəsi, fərqlilik axtarıram. Hadisəyə, memarlığa birtərəfli baxmaq lazım deyil.Mən incəsənətdə yeni dünya axtarışında olarkən də dincəlirəm.
Rəssam olmasaydınız, özünüzü kim olaraq görərdiniz?
-Uşaqlara sual verəndə ki, nə olmaq istəyirsən, bir-birindən fərqli cavablar verirlər. Mənə uşaqlığımda nə olmaq istəyirsən sualı veriləndə cavabım - Hitler olurdu. O dövrdə “Baharın 17 anı” filmi var idi. O filmdə onların formaları mənim diqqətimi çəkib. Sonralar araşdıranda gördüm ki, Hitler də rəssam olub. Onun əsərlərinə görə onu tənüid ediblər, bəyənməyiblər. Halbuki onun çox gözəl akvarellə işlənmiş əsərləri var. Buna görə də belə bir ifadə yarandı ki, “ rəssamı incitsəniz, tənqid etsəniz o Hitlerə çevrilə bilər”. Lakin fərqli fərqli peşələrə meyilim, rəngli qələmləri görənə kimi idi.
Tarixi tanınmış rəssamlardan hansının üslubunu əsərlərini bəyənirsiniz?
-Məsələn Azərbaycan rəssamlarından Mircavad Cavadov ki mən onu görmüşəm. O qədim əsatirlərlə silahlanmış dahi rəssamdı. Tahir Salahov, Tofiq Cavadov, Əşrəf Murad-realistik rəngkarlığın nümayəndəsi olub, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və s. Dünya rəssamlarından Pikasso, Henri Matis, Amadeo Modilyani fərqli həyat tərzləri üslubları var ki, mən onları bəyənirəm. Bu rəssamların hər birinin izi var. Tələbəlik illərimdə onlardan təsirləndiyim çox olub.Onların texnikasında, öz işlərini qərxmadan etmələri insanları təsirləndirir.
Siz həm də müəllimsiniz , gənclərin tələbələrinizin rəsammlığa baxışını necə qiymətləndirirsiniz?
-Bizim dəyərli gənclərimiz var. Mən həmişə onlara nəsihət verirəm ki, tarixlərini , kimliklərini bilsinlər, hər daim mütaliə etsinlər. Dərs xətrinə yox, öyrənmək , məlumatlanmaq xətrinə mütaliə etsinlər. Mən çox şeylə maraqlana bilərəm, ağlımda nə iləsə bağlı sual qalsın istəmirəm-araşdırıram kitabdan , internetdən və s. Tələbələrimə də bunu məsləhət görürəm. İstənilən sahədə irəliləmək üçün, incəsənət də daxil, ətrafla maraqlanmaq lazımdır. Hər şey haqqında biraz da olsa bilik sahibi olmaq mütləqdir. Mənə görə indi tələbələr axtarmaq və istədiyi məlumata tez çatmaq mövzusunda daha şanslıdı. Çünki indi google, youtube və bunu kimi gənclərə kömək edəcək bir çox yol var.
Bu gün insanların incəsənətə baxışını necə qiymətləndirisiniz? Sizcə rəssamlıq lazımi dəyəri görürmü?
-Beyni zənginləndirməyin başında mütaliə, araşdırmaq durur. Çar Rusiyası dövründə gimnaziyalarda , hər kəsə mahnı oxumağı ,rəqs etməyi , pianoda ifa etməyi və s.öyrədilirdi. Hərtərəfli olmağı öyrədirdilər.O insanlar incəsənətə dəyər verə bilərlər ki araşdırmağa ,hərtərəfliliyə açıq olsunlar. Elmi təhsili əlindən alınmış insanlar, “ əlifbaya “ a” dan yox “ı” dan başlayan insanlar” sənətə , lazımi dəyəri verə bilməzlər. İnsanın vətənpərvər, döyüşkən olması onun kökündən gəlir. Uşaqlıqdan bir neçə komponentdən asılıdı bunlar:ana laylası, ana südü, muğam ,xalçalar və s.
Gənc nəsli incəsənətə necə yönləndirmək olar.?
-Gənclərin bacarığını kəşf etməliyik. Bu erkən dövrlərindən başlayır ki. istedad Allah vergisidi. Müəllim onu kəşf edə bilər, yönəldə bilər ki, tənbəl olmasın çalışqan olsun və s. Beləki “ qaranlıq otaqda qara pişiyi axtarmaq çətindi, necəki orda yoxdu”. Əsasən zövqsüz şeylərdən qaçmaq, mütaliəni bacarmaq, adətini , kökünü bilmək vacib amildir.
Müsahib: Vüqar Əli
Jurnalist: Aysu Əsədova
.png)
