Gənclərin həyatında stress
Gənclərin gündəlik həyatında stress getdikcə daha çox rast gəlinir. İmtahanlar, dostlarla münasibətlər və ailə gözləntiləri onların psixoloji vəziyyətinə təsir göstərir.
Araşdırmalara görə, stress həm fiziki, həm də zehni sağlamlıq problemlərinə səbəb ola bilər. Gənclər arasında ən çox stress yaradan hallar imtahan dövrləri və sosial münasibətlərdir.
Uzun müddət davam edən stress diqqət problemlərinə, yuxu pozğunluqlarına və gündəlik fəaliyyətlərin çətinləşməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova "İnformator.az" a olan açıqlamasında bildirib ki, fərdi yanaşma və proqramlaşdırmanın nəticəsində həmin stressin azalmasını görə bilərik:
"Stress əsrin ən böyük bəlalarından biridir.Demək olar ki, uzun müddətdir ki, toplumda mövcuddur. Əgər bugünkü gəncləri götürsək, son 25 - 27 yaş arası gəncləri təbiidir ki, bu stresslərin əsası hamiləlik dövründən başlayır. Çünki hamiləlik dövründə ananın hansı stressi yaşaması onun övladında artıq özünü göstərə bilir. Uzunmüddətli davam edən stressin fiziki təsirləri var. Artıq biz bəzən baxırıq ki, onların qeyri-adekvat vəziyyətlərində özünü göstərə bilir. Zehni təsirləri isə danışdıqları yerdə sanki beynin tormozlanması, danışılacaq sözün yadından çıxmasıdır. Bəzən də biz baxırıq ki, bu cür gənc nəsildə daha tez-tez Alzheimer xəstəliyindən əziyyət çəkən insanlar da artıq müraciət edirlər. Deyək ki, əvvəllər orta yaş qrupunda bunu görə bilirdiksə,amma indi gənclərdə də bunu görə bilirik. Hətta elələri var ki, sual verərkən artıq düşünürlər ki, zehni təsirlərindən danışarkən sanki ağıllarının itməsini və yaddaşlarının pozulmasını hiss edirlər. Daha yaxşı idarə etməyin məqamlarından biri budur ki, ən əsası onların fərdi xüsusiyyətlərinə uyğun olaraq proqramlar tərtib olunmalıdır. Əgər proqramlar tərtib olunarsa, təbiidir ki, bu stressin qarşısını ala bilərik. Azalmasına kömək edən gündəlik vərdişlər və fəaliyyətlər isə ilk olaraq yaşadıqları stresi mütəmadi olaraq düşünməməkdir. Çünki insan bunları mütəmadi olaraq düşündükcə stressin birbaşa artmasına səbəb olur. Kortizol hormonu artdığı zaman stress də artıq özünü göstərməyə başlayır. Ona görə də fərdi yanaşma və proqramlaşdırmanın nəticəsində həmin stressin azalmasını görə bilərik. Bəzən görürsünüz ki, artıq endegen depressiyada həmin anlarda hiss olunur, hansı ki, dərman müdaxiləsi ilə idarə olunur. Çünki dərman müdaxiləsi ilə əgər onun qarşısını tez ala biliriksə, daha sonra baxırıq ki, qavrayış bunu həll edə bilmir və dərmanın təsiri bitəndən üç-beş ay sonra həmin stressdən yenidən əziyyət çəkirsən. Ona görə də mütləq şəkildə qavrayışdan, altşüurdan bu tamamilə asta-asta silinməlidir ki, daha sonra da istifadə olunacaq hər hansı dərman müdaxiləsi varsa, öhdəsindən tamamilə gəlinə bilsin".

Eslanda Kulieva
