Müqaviləsiz kirayə: Hüquqi risklər və vətəndaşların diqqət etməli olduğu məqamlar
Azərbaycanda evi müqaviləsiz kirayə verən şəxslər cərimə və vergi məsuliyyəti ilə üzləşə bilər. Mütəxəssislər kirayə münasibətlərinin rəsmi müqavilə ilə rəsmiləşdirilməsini tövsiyə edir.
Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı
“İnformator.az”a açıqlamasında bildirib ki, müqavilənin olması tərəflər arasındakı öhdəlikləri şəffaflaşdırır və mülkiyyətçi üçün əlavə hüquqi rahatlıq yaradır:
“Kirayə müqaviləsinin bağlanması mülkiyyətçi üçün hüquqi risklərin sığortalanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə bir sənədin mövcudluğu tərəflər arasındakı münasibətləri şəffaflaşdırır və mülkiyyətçinin hüquqlarının qorunmasını təmin edir. Müqavilədə mənzilin cari vəziyyəti və kirayə götürənə təhvil verilən əşyaların siyahısı dəqiq əksini tapır. Bu, gələcəkdə əmlaka dəyə biləcək ziyanla bağlı yaranacaq fəsadların qarşısını alır və mülkiyyətçini qoruyur. Müqavilə həmçinin ödəniş təminatı rolunu oynayır. Sənəddə kirayə haqqının konkret məbləği, eləcə də bu məbləğin artırılması və ya azaldılması şərtləri qeyd olunur. Ödəniş edilmədiyi təqdirdə, yaranab borcun tələbi məhz bu müqavilə əsasında sübuta yetirilir. Hüquqi baxımdan rəsmi müqavilə olmadığı halda belə, mülkiyyətçinin kirayəçini mənzildən çıxarmaq hüququ qüvvədə qalır. Lakin müqavilənin olması bu prosesin və digər mülkiyyət məsələlərinin həllini daha da asanlaşdırır. Yekun olaraq, əşyaların qorunması və ödənişin təmin edilməsi ilə bağlı əsas risklər birbaşa kirayə müqaviləsi vasitəsilə tənzimlənir”.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov isə bildirib ki, sənədsiz əmlakların kirayə müqaviləsinu notarius təsdiqləyə bilməz:
“Daşınmaz əmlakın rəsmi sənədi olmadığı təqdirdə, həmin mülkün kirayə müqaviləsinin rəsmiləşdirilməsi üçün hüquqi əsas yoxdur. Vətəndaşın öz mənzilini və ya fərdi yaşayış sahəsini kirayə verməsi üçün mütləq şəkildə mülkiyyət sənədi tələb olunur. Sənədi olmayan əmlakla bağlı kirayə müqaviləsinin notarial qaydada təsdiqlənməsi mümkün deyil. Müqavilənin rəsmiləşdirilməsi üçün sənəd tələbi yerinə yetirilmədiyindən, bu kimi hallarda vətəndaşın qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilməsi və ya ona cərimə tətbiq olunması üçün hüquqi zəmin yaranmır”.
Əmlak sahibi Xalidə Qurban öz fikirlərini bildirib. O deyib ki, müqavilə problem yaşanmaması üçün vacibdir:
“Müqavilə vacibdir ki, sonra problem çıxanda hər iki tərəfin əlində sübut olsun. Kirayə pulu, qalma müddəti və digər məsələlər əvvəlcədən dəqiq bilinir. Kirayə ev seçəndə qiymətinə, şəraitinə, yerləşdiyi yerə və evin problemsiz olmasına baxıram”.
Aydan Əsgərxanlı