Gənclərin təcrübə problemi nə ilə bağlıdır? – İnsan resursları üzrə ekspert açıqlayıb
Hazırda gənclərin ən çox şikayət etdiyi məsələlərdən biri təcrübə imkanlarının azlığıdır.Bir çox şirkət risk amillərini əsas gətirərək təcrübəsiz namizədlərlə işləməyə ehtiyatla yanaşır.
Mövzu ilə bağlı insan resursları üzrə ekspert İlkin Məcidov "informator.az"a açıqlama verib.Onun sözlərinə görə, gənclərin tələbəlik dövründə təcrübə imkanları olur:
"Əslində bir çox məsələlərdə bu problemi həll etmək olur. Birincisi, “istehsalat təcrübəsi” deyilən bir şey var ki, tələbələr buna 3-4-cü kurslarda kortəbii halda yanaşırlar. Təhsil Nazirliyinin qoyduğu qərara əsasən, hər tələbə 3-4-cü kursda öz sahəsi ilə bağlı istehsalat təcrübəsi keçməlidir. Bu istehsalat təcrübəsi həqiqətən də yerində, lazımi şəkildə keçirildiyi vaxt tələbə onsuz da məzun olanda 4-cü kursda 6 ay, 3-cü kursda isə müəyyən qədər - ümumilikdə 1 ilə yaxın təcrübə toplaya bilir. Əgər istəsə, tələbə həmin vaxt bu və ya digər yollarla da təcrübə toplaya bilər. Məsələn, ola bilər ki, bu istehsalat təcrübəsi olmasın, təqaüd proqramları olsun. Şirkətlər təqaüd proqramları da açırlar. Bu təqaüd proqramlarının şərti ondan ibarətdir ki, 2 il həmin tələbə təcrübə keçməlidir və həmin təcrübə müqabilində eyni zamanda təqaüd də almalıdır. Bu cür yollarla tələbə öz sahəsi ilə bağlı sevgisi varsa, istehsalat təcrübəsi və ya təqaüd proqramları və digər bu kimi yollarla təcrübə əldə edə bilər. Digər məsələlər isə ondan ibarətdir ki, tələbə məzun olandan sonra artıq istehsalat təcrübəsi deyil, təqaüd proqramları başlayır. Bu təqaüd proqramları 2 formada olur: tələbə ikən olan təqaüd proqramları və məzun olandan sonra olan təqaüd proqramları. Məzun olandan sonra təqaüd proqramlarında minimal əməkhaqqı ödənilir və bu minimal əməkhaqqı müqabilində 10 ay - 1 il (və yaxud bir az artıq) müddət ərzində məzun həmin təqaüd proqramına qatılır. Proqramın sonunda isə dəyərləndirmə olur. Adaptasiya və digər gördüyü işlərlə bağlı müəyyən ölçülər aparılandan sonra həmin şirkətdə o sahələrlə bağlı vakansiya varsa, həmin namizədə iş də təklif oluna bilər".
Nuray Qurbanlı
