00:00:00
Yazar
Banuçiçək Məmmədova
06.05.2026 21:24 32 2 dəq oxuma
Sosial

Görünməyən qəhrəmanlar: səssiz peşələrin səssiz hekayəsi

Görünməyən qəhrəmanlar: səssiz peşələrin səssiz hekayəsi

Hər gün küçələr təmizlənir, binalar qorunur, paketlər vaxtında çatdırılır. Amma bu işləri görən insanlar çox zaman diqqətdən kənarda qalır. Onlar nə trend olur, nə də gündəmin əsas mövzusuna çevrilir. “Səssiz peşələr”- cəmiyyətin işləməsi üçün vacib olan, lakin dəyəri çox vaxt görünməyən iş sahələridir. Biz həmin insanların gündəlik həyatına, çətinliklərinə və görünməyən zəhmətinə işıq salırıq. Onların səsi nə qədər eşidilir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, “Səssiz peşələr”ə münasibət əslində cəmiyyətin dəyər sisteminin bir göstəricisidir:

 

“Cəmiyyət hansı peşələri daha çox görünən, prestijli və dəyərli hesab edirsə, bu, onun uğur anlayışını da əks etdirir. Təəssüf ki, çox vaxt nəticəsi hər gün hiss olunan, amma göz önündə olmayan işlər kifayət qədər qiymətləndirilmir. Halbuki şəhərin ritmini qoruyan, gündəlik həyatın fasiləsiz davam etməsini təmin edən məhz bu peşə sahibləridir. Bu münasibət bəzən cəmiyyətin görünən uğura, statusa və nümayiş olunan nəticəyə daha çox önəm verdiyini göstərir. Uzun müddət dəyər verilməyən işdə çalışmaq insan psixologiyasına ciddi təsir göstərə bilər. İnsan üçün maddi qazanc qədər mənəvi tanınma da vacibdir. Gördüyü əməyin fərq edilmədiyini hiss edən şəxs zamanla motivasiya itkisi, emosional yorğunluq və özünü dəyərsiz hiss etmə ilə qarşılaşa bilər. Bu vəziyyət “mənim etdiyim iş görünmür” düşüncəsini yaradır ki, bu da özünəinamı zəiflədə və işdən məmnunluğu azalda bilər. Psixoloji baxımdan insanın əməyinin görülməsi və qiymətləndirilməsi onun aidiyyət hissini gücləndirir. Əks halda, görünməzlik hissi tədricən emosional uzaqlaşma və hətta peşəkar tükənməyə səbəb ola bilər. Gələcəkdə bu peşələrin statusunda dəyişiklik olub-olmayacağı isə daha çox cəmiyyətin şüurundakı dəyişiklikdən asılıdır. Son illərdə bir çox ölkədə xüsusilə pandemiyadan sonra gündəlik həyatı ayaqda saxlayan peşələrə münasibətdə fərqli baxış formalaşmağa başladı. İnsanlar bu işlərin əhəmiyyətini daha aydın gördülər. Əgər cəmiyyət olaraq peşələri yalnız gəlir və status üzərindən deyil, funksional əhəmiyyəti və sosial faydası baxımından qiymətləndirməyi öyrənsək, bu sahələrə münasibət də dəyişəcək. Çünki əslində “səssiz peşələr” görünməz deyil, sadəcə, biz onları görməyə kifayət qədər diqqət ayırmırıq”.


Banuçiçək Məmmədova

#hekayəsi #görünməyən #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər