Güclü yağışdan sonra su basan ərazilərdə evlər ucuzlaşacaqmı?
Son günlər Azərbaycanda müşahidə olunan güclü yağışlar bəzi ərazilərdə ciddi subasmalara səbəb olub. Xüsusilə yaşayış evlərinə dəyən ziyan həmin ərazilərdə daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür.
Yağış nəticəsində subasmış ərazidə yaşayan Əsgərov Turan “İnformator.az” a açıqlamasında bildirib ki, Ramana qəsəbəsində su basma halları baş verib:
“Bu da gündəlik həyatımıza ciddi çətinliklər yaradıb. Gediş-gəlişdə problemlər yaranıb. Bəzi evlərdə əşyalar su altında qalaraq yararsız vəziyyətə düşüb. Hazırda evi satmağı düşünmürəm. Lakin belə vəziyyətlə yenidən qarşılaşsam, bu məsələyə yenidən baxa bilərəm. Ümumiyyətlə, su basmış ərazilərdə evlərin qiyməti ucuzlaşır və bu da ev sahiblərinə mənfi təsir göstərir. Bu, təbii fəlakətdir və hər il təkrarlanmır. Biz bu şəraitə öyrəşmişik və hələlik ərazini tərk etməyi düşünmürük. Amma belə hallar davamlı olsa, gələcəkdə köçmək barədə düşünə bilərik. Təbii fəlakətlərin qarşısını tam almaq mümkün deyil, lakin kanalizasiya sistemlərinin qurulması kimi tədbirlər bu cür problemlərin təsirini azaltmağa kömək edə bilər”.
Həmin vəziyyətdən əziyyət çəkən Pərvanə Kərimli də açıqlama verib:
“Yağıntıdan sonra zərərlər çox olub. İnanmıram evimiz dəyərdən düşə, çünki evimizi dəyişdirmək planı ağlımızda yoxdur. Eyni evdə yaşamağa davam edəcəyik. Bu problemlərin qarşısını dövlət və qanuni orqanlar yeni qurğular çəkməklə almalıdır”.
Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, subasma riski olan yerlərə tələbat azalır, amma bu müvəqqətidir və vəziyyətin yaxşılaşacağı gözlənilir:
“Hazırkı vəziyyəti qısaca belə dəyərləndirmək olar ki, kanalizasiya sistemi olmayan və müəyyən çökmə, yəni subasma zonalarında yerləşən ərazilərə tələbat təbii olaraq azalacaq. Eyni zamanda, kanalizasiya xətti olan və daha hündür ərazilərə maraq nisbətən artacaq. Lakin bu vəziyyət müvəqqəti xarakter daşıyır. Çox güman ki, bu məsələ cari il ərzində aktual olacaq, növbəti illərdə isə əvvəlki qədər diqqət mərkəzində olmayacaq. Ümumilikdə, tələbatın azalması qaçılmazdır, amma bu, uzunmüddətli proses deyil. Daha çox bu il ərzində hiss olunacaq, sonrakı illərdə isə təsiri tədricən zəifləyəcək. Digər tərəfdən, dövlət tərəfindən kanalizasiya təminatı ilə bağlı artıq işlər görülür. Bu məsələ dövlət proqramına daxil edilib və ötən ilin sonlarından etibarən layihələrin icrasına başlanılıb. Bakı ətrafı qəsəbələrdə mini-kollektorların çəkilməsi ilə bağlı tədbirlər planı mövcuddur və bu istiqamətdə işlər həyata keçirilir. Bir çox ərazilər artıq bu prosesə cəlb olunub. Ehtimal olunur ki, 2026-2027-ci illər ərzində bu işlər tamamlanacaq. Bundan sonra isə kanalizasiya xətti çəkilməyən və ya yenidən riskli hesab olunan ərazilərdə qiymətlər nisbətən aşağı səviyyədə qalacaq. Dövlətin həyata keçirdiyi kompensasiya məsələsinə gəldikdə isə, bunun daşınmaz əmlak qiymətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir. Demək olar ki, bu amilin təsiri minimal hətta sıfıra yaxın olacaq”.
Arzu Poladova