Gündə 6 saatdan az yatırsınızsa, diqqət: ürəyiniz risk altında ola bilə
Gecə yuxusunu mütəmadi olaraq 6 saatdan az yatmaq sadəcə gün ərzində yorğunluğa səbəb olmaya bilər. Mütəxəssislər uzunmüddətli yuxu çatışmazlığının ürək-damar sistemi və qan təzyiqi ilə bağlı riskləri də artıra biləcəyini bildirirlər.
Türkiyənin Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardiologiya mütəxəssisi Dos. Dr. Emrah Özdemir yuxunun ürək sağlamlığında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, yuxu zamanı ürək döyüntüsü və qan təzyiqinin müəyyən qədər azalması orqanizmin təbii istirahət prosesinin bir hissəsidir.Yuxu müddəti davamlı şəkildə qısa olduqda isə orqanizm bu bərpa prosesini tamamlamaqda çətinlik çəkə bilər. Xüsusilə gecə saatlarında qan təzyiqinin gözlənilən səviyyədə aşağı düşməməsi uzun müddətdə sağlamlıq baxımından problem yarada bilər.
Mütəxəssis bildirir ki, yuxu çatışmazlığını yalnız səhər yorğun oyanmaq və diqqətin azalması ilə qiymətləndirmək düzgün deyil. Kifayət qədər yatmamaq stress hormonlarının artmasına və simpatik sinir sisteminin daha aktiv işləməsinə səbəb ola bilər.Bu vəziyyət uzun müddət davam etdikdə ürək döyüntüsünə və qan təzyiqinə təsir göstərə bilər. Buna görə də yuxu rejiminə ürək-damar sağlamlığından ayrı baxmaq olmaz.
7-8 saat yatmaq kifayət edirmi?
Mütəxəssislər yalnız yataqda keçirilən müddətin deyil, yuxunun keyfiyyətinin də vacib olduğunu vurğulayırlar.
Məsələn, insan yataqda 7-8 saat qala bilər, lakin gecə ərzində dəfələrlə oyanırsa, yuxuya getməkdə çətinlik çəkirsə, yüksək səslə xoruldayırsa və ya yuxu apnesi yaşayırsa, orqanizm lazımi qədər dincəlməyə bilər.Xüsusilə yüksək qan təzyiqi və ya ürək-damar xəstəlikləri riski olan şəxslərin yuxunun həm müddətinə, həm də keyfiyyətinə diqqət etməsi tövsiyə olunur.
Kimlər xüsusilə diqqətli olmalıdır?
Mütəxəssis xüsusilə davamlı olaraq gecə 6 saatdan az yatan, səhərlər dincəlməmiş oyanan və ya yüksək qan təzyiqi problemi olan şəxslərin yuxu rejimlərini yenidən nəzərdən keçirməli olduğunu bildirir.Yüksək qan təzyiqinin yaranmasında genetika, yaş, qidalanma, fiziki aktivliyin azlığı, artıq çəki, stress və siqaret kimi bir çox faktor rol oynayır. Yuxu da bu amillər arasında mühüm yer tutur.
Səkinəbəyim Cəfərova
Xəbər Türk