Gürcüstan-ABŞ görüşündə Orta Dəhliz və regional nəqliyyat müzakirə olunub
Gürcüstan və ABŞ rəsmiləri arasında keçirilən görüşdə “Orta Dəhliz” layihəsi və regionda nəqliyyat əlaqələrinin inkişafı müzakirə edilib. ABŞ tərəfi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsi, xüsusilə, “Orta Dəhliz” və regional nəqliyyat marşrutları ətrafında aparılan müzakirələr Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin hər gün daha da artdığını göstərir:
“Rəsmi Vaşinqtonun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yenidən vurğulaması regionda iştirakını gücləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir. Bu proses Rusiya ehtiyatla izləsə də, Avropa İttifaqı üçün də Orta Dəhlizin inkişafı enerji və logistika təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Çin də bu marşruta maraq göstərir, çünki Orta Dəhliz Avropa-Asiya ticarətində alternativ və daha sürətli bağlantı imkanları yaradır. Bu layihə Azərbaycan-Gürcüstan tərəfdaşlığı üçün yeni iqtisadi və geostrateji imkanlar formalaşdıra bilər. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu, liman infrastrukturu və rəqəmsal nəqliyyat layihələri fonunda Azərbaycan və Gürcüstanın tranzit gəlirlərinin artacağı gözlənilir. Bununla yanaşı, ABŞ və Avropa investisiyalarının regiona cəlb olunması infrastrukturun modernləşdirilməsinə və yeni ticarət axınlarının formalaşmasına təkan verə bilər. “Orta Dəhliz” regionu yalnız enerji deyil, həm də ticarət və nəqliyyat baxımından qlobal marşrutların mühüm hissəsinə çevirir. Bu isə Azərbaycan və Gürcüstanın strateji çəkisini daha da artırmaqla yanaşı, region dövlətlərinin Qərb və Asiya bazarları ilə əlaqələrini gücləndirə bilər”.
Mələk Hüseynova