Gürcüstan Ukraynanın ərazi bütövlüyünə dəstəyini təsdiqləyib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin beynəlxalq hüquqa, eləcə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə dəstək verdiyini bildirib. O vurğulayıb ki, Gürcüstanın bu mövqeyi dəyişməzdir və Tbilisi Ukraynanı dəstəkləməyə davam edir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin bir daha təsdiqlənməsi Tbilisinin xarici siyasət kursunun prinsipial xəttini nümayiş etdirir:
“Bu mövqe təkcə cari geosiyasi situasiyaya verilən reaksiya deyil, həm də Gürcüstanın öz milli təhlükəsizlik təcrübəsindən qaynaqlanan strateji yanaşmadır. 2008-ci il müharibəsindən sonra ərazi bütövlüyü məsələsi Gürcüstan üçün abstrakt beynəlxalq hüquq norması deyil, birbaşa milli təhlükəsizlik və dövlətçilik məsələsidir. Bu baxımdan Ukrayna ilə həmrəylik həm hüquqi, həm də siyasi məntiqə söykənir.
Gürcüstanın beynəlxalq təşkilatlar daxilində Ukrayna ilə bağlı rolu özünü əsasən siyasi-diplomatik fəallıq müstəvisində göstərir. Tbilisi BMT Baş Assambleyasında və digər çoxtərəfli platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrə səs verib və beynəlxalq hüququn pozulmasına qarşı mövqe ortaya qoyub. Bununla belə, Gürcüstanın fəaliyyəti daha çox normativ-siyasi çərçivədədir. Yəni, Gürcüstan, təşəbbüskar və ya aparıcı rol oynayan dövlətlər sırasında deyil. Bunun səbəbi aydındır. Gürcüstan həm öz təhlükəsizlik reallıqlarını, həm də Rusiya ilə həssas münasibətlər balansını nəzərə almağa məcburdur”.
Politoloqun sözlərinə görə, Gürcüstanın Ukraynaya hərbi və ya iqtisadi yardım imkanlarına gəldikdə isə bu məsələ daha mürəkkəbdir:
“Gürcüstanın hərbi potensialı və resursları məhduddur. Üstəlik, ölkə ərazisinin bir hissəsində faktiki Rusiya hərbi mövcudluğu şəraitində Tbilisinin açıq hərbi dəstəyə getməsi real görünmür. Buna baxmayaraq, iqtisadi və humanitar sahədə əməkdaşlığın genişlənməsi mümkündür. Gürcüstan logistika marşrutları, tranzit imkanları və regional ticarət əlaqələri baxımından Ukrayna üçün alternativ kanallar təqdim edə bilər. Eyni zamanda, humanitar yardım və bərpa layihələrində iştirak perspektivi istisna edilmir. Lakin bütün hallarda bu addımlar Gürcüstanın daxili sabitliyi və təhlükəsizlik hesablamaları ilə uzlaşdırılacaq. Nəhayət ən həssas məsələ Tbilisinin bu mövqeyinin Rusiya ilə münasibətlərə təsiridir. Gürcüstan bir tərəfdən Avro-Atlantik inteqrasiyanı prioritet elan edir, digər tərəfdən isə Rusiya ilə açıq qarşıdurmadan yayınmağa çalışır. Ukraynaya siyasi dəstək Moskva vasitəsilə diqqətlə izlənilir və müəyyən narazılıq yaratdığı da ortadadır. Lakin Gürcüstan rəhbərliyi ritorikanı beynəlxalq hüquq çərçivəsində saxlayaraq birbaşa hərbi iştirakdan uzaq durmaqla balans siyasəti yürüdür. Bununla da Tbilisi faktiki olaraq qırmızı xətləri keçmədən mövqe ifadə edir və nəticə etibarilə Rusiyadan gələ biləcək təzyiqləri minimallaşşdırır. Ümumi olaraq deyə bilərik ki, Gürcüstanın Ukraynaya dəstəyi prinsipial və dəyişməz xarakter daşısa da, onun praktiki ifadə forması ehtiyatlı və ölçülüb-biçilmişdir. Tbilisi beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyur, lakin regional təhlükəsizlik reallıqlarını da mütləq şəkildə nəzərə alaraq addımlar atır. Bu yanaşma Gürcüstanın həm Qərblə inteqrasiya kursunu davam etdirməsinə, həm də Rusiya ilə idarəolunan gərginlik modelini saxlamasına xidmət edir”.
Mələk Hüseynova
