Nyu-Yorkda Qərbi Azərbaycana qayıdış məsələsi gündəmə gətirilib
Nyu-Yorkda keçirilən beynəlxalq konfransda Qərbi Azərbaycandan olan azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi gündəmə gətirilib. Tədbirdə bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı fikirlər səsləndirilib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Qərbi azərbaycanlıların qayıdış məsələsinin BMT-nin(Birləşmiş Millətlər Təşkilatının) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən beynəlxalq konfransda gündəmə gətirilməsi məsələnin beynəlxalq müstəviyə daşınması baxımından əhəmiyyətlidir:
“Təhlükəsizlik baxımından ilk növbədə Azərbaycan- Ermənistan arasında dialoq, qayıtmaq istəyənlərin hüquqi statusunun müəyyənləşdirilməsi, onların şəxsi təhlükəsizliyinə təminat, mülkiyyət məsələlərinin həlli və ayrı-seçkiliyin qarşısının alınması kimi məsələlər üzrə mexanizmlər tələb olunur. BMT isə tərəflərin razılığı və müvafiq mandat çərçivəsində prosesə humanitar və institusional dəstək verə, beynəlxalq təcrübənin tətbiqinə yardım göstərə bilər. Xüsusilə,qayıdışın könüllülük, təhlükəsizlik və insan ləyaqətinin qorunması prinsiplərinə uyğun həyata keçirilməsi üçün beynəlxalq müşahidə və qiymətləndirmə mexanizmləri nəzərdən keçirilə bilər. Bununla yanaşı, mədəni və dini irsin qorunması, yaşayış və sosial təminat məsələləri də gələcək razılaşmanın tərkib hissəsi olmalıdır. Belə bir mexanizmin formalaşması qayıdış məsələsinin siyasi qarşıdurma predmetindən praktiki humanitar prosesə çevrilməsinə imkan verə bilər”.
Aynur Əhmədli