Gürcüstan XİN Avropa Komissiyasının hesabatını qərəzli adlandırıb
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Komissiyasının genişlənməyə dair hesabatını siyasi cəhətdən qərəzli adlandırıb.
APA-ya istinad olaraq xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, hesabat faktiki qeyri-dəqiqliklər və səhv qiymətləndirmələrlə doludur. Bu da Gürcüstan əleyhinə narrativləri gücləndirir, Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv əməkdaşlıq və dialoq üçün məkanı daraldır.
“Avropa Komissiyasının hesabatında xalq tərəfindən seçilmiş hakimiyyətin həyata keçirdiyi dövlət idarəçiliyinin “dövlətin ələ keçirilməsi” kimi xarakterizə edilməsi qəbuledilməzdir”, - bəyanatda vurğulanıb.
XİN bildirib ki, Gürcüstan tərəfi sənədi ətraflı təhlil edəcək və Avropa Komissiyasına əsaslandırılmış şərhlər təqdim edəcək.