Həmid Əsədzadə: “Televiziya həm sevgi, həm də böyük fədakarlıqdır”
Düz 70 ildir ki, ölkənin bütün ictimai-siyasi,milli,mədəni həyatı bir ünvanda toplanır-AzTV-də. Nəsillərin xatirəsinə çevrilən Azərbaycan Televiziyası bu gün 70 illik şərəfli yoluna nəzər salır. Bu tarix artıq bütöv bir xalqın yaddaş salnaməsinə çevrilib.
“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin 70 illik yubileyi münasibətilə Xüsusi Layihələr Studiyasının direktoru Həmid Əsədzadə “İnformator.az”a özəl açıqlama verib:
“Azərbaycan Televiziyasının 18 illik əməkdaşı kimi bu möhtəşəm 70 illik yubiley mənim üçün sadəcə bir tarix deyil, böyük qürur və məsuliyyət hissidir. Bu illər ərzində AzTV-də çalışmaq mənə həm peşəkar təcrübə, həm də bu yolun bir parçası olmaq şərəfi qazandırıb”.
Bu böyük məktəbin üzvü olduğu üçün fəxr etdiyini deyən Həmid Əsədzadə vurğulayıb ki, Azərbaycan Televiziyası tarixi yaddaşımızın qorunması baxımından da hər zaman mühüm addımlar atıb:
“Xüsusilə,44 günlük Vətən müharibəsi, Zəfər Günümüz, 27 Sentyabr-Anım Günü, eləcə də 26 Fevral-Xocalı faciəsi və 20 Yanvar hadisələri ilə bağlı hazırlanan materiallar AzTV-nin bu istiqamətdə gördüyü mühüm işlərinin bariz nümunəsidir.Hazırda Xüsusi layihələr studiyasında yayımlanan “44 gün” filmi Vətən müharibəsinin şanlı tarixini, xalqımızın birliyini və ordumuzun şücaətini dolğun şəkildə tamaşaçıya ötürməyi bacarır.Repressiya qurbanlarına həsr olunan “Səssiz səslər” layihəsi isə tariximizin uzun illər susdurulmuş səhifələrinə işıq tutur. Bu təkcə keçmişi xatırlatmır,milli yaddaşın yaşadılmasına və həmin dövrün qurbanlarının xatirələrinin anılmasına xidmət edir.
Bununla yanaşı, “Köklərimiz” layihəsi var.Bu,Azərbaycanın milli və ailə dəyərlərini qoruyan sənədli filmdir.Digər yaxın müddətdə həyata keçirilən böyükmiqyaslı layihələrimizdən biri də “Tarixin oyunu” dur.
Xüsusi Layihələr Studiyasının direktoru Həmid Əsədzadə yaxın illərdə işıq üzü görəcək layihədən də danışıb:
“Bu proqram süni intellekt, innovasiya və beyin gücü mövzusuna həsr olunacaq. Layihə çərçivəsində Azərbaycan gənclərinin startapları, texnoloji ideyaları geniş auditoriyaya təqdim olunacaq”.
Televiziyanı şahmata bənzədən Həmid Əsədzadə deyir ki,bura beyinlə idarə olunan sahədədir:
“Burada hər addım əvvəlcədən hesablanmalı, hər qərar düşünülmüş şəkildə verilməlidir”.
Son olaraq müsahibimiz gənc jurnalistlərə tövsiyələrini dilə gətirib:
“Televiziya böyük bir sevgidir.O,insanın bu sahə naminə bir çox şeydən imtina etməyi bacarması deməkdir. Televiziya həm də böyük bir məktəbdir. Əslində,bütün peşələr çətin və şərəflidir, lakin televiziya işi mənim üçün daha önəmlidir, daha məsuliyyətli və daha şərəflidir.Burada zaman,məkan anlayışı yoxdur.Əgər sən televiziyadasansa,bu sahədə nələrsə yaratmaq istəyirsənsə, zaman və məkan məhdudiyyətlərini gözə almalısan. Bu isə seçdiyimiz yolun tələb etdiyi fədakarlıqdır.
Doğrudan da televiziyada çalışan və bu sahəyə gəlmək istəyən gənclərə tövsiyəm budur ki,heç vaxt dayanmasınlar, daim çalışsınlar, öz üzərlərində işləsinlər və seçdikləri işə ürəklə bağlansınlar”.
Cəfərova Səkinəbəyim
