"Hüquq təhsili üçün xaricə gedənlərin sayı artır"
Azərbaycandan son illərdə hüquq təhsili almaq məqsədilə xaricə gedən gənclərin sayı artıb. Nazir müavini Həsən Həsənli diplomların tanınmasında keyfiyyətlə bağlı problemlərin mövcud olduğunu və yüksək nailiyyət göstərən şagirdlərin 25 faizinin hüquqşünaslıq ixtisasını seçdiyini bildirib.
Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında qeyd edib ki, hüquqşünaslıq ixtisası Azərbaycan təhsil sistemində 3-cü ixtisas qrupunun ən ciddi və vacib sahələrindən biri hesab olunur:
“Bu ixtisas hüquq-mühafizə orqanlarında, dövlət qurumlarında, eləcə də şirkətlərin hüquq sahəsində fəaliyyət göstərmək üçün mühüm əhəmiyyət daşıyır. Bu proses bir sıra ciddi nəticələrə səbəb olur və təkcə məzunlara deyil, ümumilikdə, hüquq sisteminə də təsir göstərir. Fərdi səviyyədə əsas problemlər diplomların tanınmaması ilə bağlıdır. Belə ki, tanınmayan diplomla məzunlar Azərbaycanda hüquqşünas kimi fəaliyyət göstərə, dövlət qulluğuna qəbul ola və ya vəkillik fəaliyyətinə başlaya bilmirlər. Nəticədə, onlar ali təhsilli şəxs kimi də qəbul olunmurlar. Bu vəziyyət illərlə çəkilən zəhmətin, zamanın və maliyyə xərclərinin boşa getməsi hissini yaradır və gənclərdə motivasiya itkisinə səbəb olur. Bundan əlavə, işsizlik və ya ixtisasdan kənar məşğulluq problemi yaranır. Tanınmayan diplomu olan məzunlar çox vaxt hüquq sahəsindən uzaq sahələrdə çalışmağa məcbur qalırlar ki, bu da insan kapitalının səmərəsiz istifadəsi deməkdir. Beynəlxalq risk də mövcuddur. Diplomunu ölkədə istifadə edə bilməyən gənclər xaricdə qalmağa üstünlük verə bilərlər. Bu isə yüksək potensiallı kadrların ölkədən uzaqlaşmasına səbəb olur. Xaricdə hüquq təhsili alıb geri qayıdanların problemlərlə üzləşməsi gələcəkdə abituriyent və valideynlər arasında bu ixtisasa, eləcə də ümumilikdə xaricdə təhsilə olan etimadı azalda bilər. Bu da hüquq sisteminin inkişafına mənfi təsir göstərir. Halbuki fərqli hüquq sistemləri və beynəlxalq təcrübəyə malik mütəxəssislər yerli hüquq sisteminin inkişafına və inteqrasiyasına töhfə verə bilər. Diplomların tanınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparılır”.
Ekspertin sözlərinə görə, təhsil alınan universitetin akkreditasiyası, tələbənin ölkədə faktiki təhsil alması, sessiyalarda iştirakı və digər şərtlər yoxlanılır:
“Bu prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Uyğunluq olduqda, Dövlət İmtahan Mərkəzi imtahan keçirir və uğur qazanan namizədlərin diplomları tanınır. Stimullaşdırıcı mühitin yaradılması üçün diplomların tanınması və nostrifikasiya prosesləri asanlaşdırılmalıdır. Eyni zamanda, sənədləşmə və prosedurların sürətləndirilməsi gənclərin ölkəyə qayıtma motivasiyasını artıra bilər. Dövlət orqanları, məhkəmələr, prokurorluq və vəkillik bürolarında vakansiyalar, mentorluq proqramları və xüsusi imkanlar yaradılmalıdır. Hüquq firmaları və beynəlxalq təşkilatlar xaricdə təhsil almış mütəxəssislər üçün ayrıca iş yerləri təklif edə bilər. Bundan başqa, qrantlar və subsidiyalar ayrılması, qayıdan məzunlara yaşayış xərcləri, əlavə təlimlər və sertifikatlaşma üçün maliyyə dəstəyi göstərilməsi məqsədəuyğun hesab olunur. Xaricdə alınan hüquq təhsilinin Azərbaycan hüquq sisteminə tam uyğun olmaması ehtimalına görə əlavə ixtisasartırma proqramlarının təşkili də vacibdir. Müəyyən müddət üçün vergi güzəştlərinin tətbiqi də stimullaşdırıcı rol oynaya bilər”.
Müsahib qeyd edib ki, hüquqşünaslıq ixtisasına marağın yüksək olmasının əsas səbəbləri sosial və praktik amillərlə bağlıdır:
“Bu peşə Azərbaycanda ənənəvi olaraq nüfuzlu və hörmətli sahələrdən biri hesab olunur. Hakim, prokuror, vəkil və digər hüquq-mühafizə orqanlarında çalışan şəxslər cəmiyyətdə daha cəlbedici görünür. Hüquq təhsili yalnız vəkilliklə məhdudlaşmır, dövlət qulluğu, məhkəmə sistemi, özəl sektor, bank, beynəlxalq təşkilatlar və akademik sahədə geniş imkanlar yaradır. Eyni zamanda, hüquq təhsili analitik düşüncə, arqumentasiya və hüquqi yazı bacarıqlarını formalaşdırır. Bu bacarıqların digər sahələrdə də tətbiq olunması ixtisası gənclər üçün təhlükəsiz seçimə çevirir. Valideynlərin yönləndirməsi, cəmiyyətdə hüquqşünas peşəsinin yüksək qiymətləndirilməsi və uğurlu hüquqşünas nümunələri də gənclərin bu ixtisası seçməsinə ciddi təsir göstərir”.
Mələk Hüseynova
