Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası baş tutacaqdı. Bu mənim teatra ilk gedişim deyildi. Ancaq bu dəfəki gedişim daha fərqli hiss etdirirdi. Yaşı əsri ötmüş bu qədim sənət ocağına bu dəfə ayrı həyəcanla daxil oldum. Məktəbli olduğum illərdən hər zaman sadiq tamaşaçı olaraq ayaq basdığım bu Akademik Milli Dram Teatrına bu dəfə jurnalist kimi ayaq basırdım. Həmişəkindən fərqli olaraq bu dəfə özümü həm tamaşaçıların əyləşdiyi oturacaqlara, həm də səhnədə emosiyadan emosiyaya dəyişən aktyor heyətinə yaxın hiss edirdim. Qəribə hissdir. Tamaşadan sonra əməkdar artist, izlədiyimiz “Ah, bu uzun sevda yolu” tamaşasında böyük Müşfiqin obrazını yaradan Anar Heybətovla həmsöhbət olacaqdım.
Anar Heybətov 25 sentyabr 1976-cı ildə Bakıda anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 1-ci sinfinə daxil olub və 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.
1994-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif rollarda oynayıb. Onun səhnədəki ilk rolu “Mənim Ərim Dəlidir” tamaşasındakı cangüdən rolu olub.
Aktyor 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Həmçinin, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Vəssalam, bu da ömrümüzdən 2 saat. Biz izlədik, o isə bu iki saata Müşfiqin keşməkeşli həyat hekayəsini sığdıra bildi. Elə söhbətə bu obrazdan başladıq.

Bayaq izlədiyimiz tamaşada “Müşfiq” obrazını canlandırırsınız və mən belə deyərdim ki, Müşfiq poeziyamızda lirik, tariximizdə faciəvi bir qəhrəman kimi qalıb. Sizin “Müşfiq” obrazına qarşı münasibətiniz necədir?
Çox yaxşıdır. Birincisi, çox təsadüfidir ya nədirsə, Müşfiqlə biz yerliyik. Müşfiq də Xızı rayonundandır, dağlıdır, mən də. Müşfiq faciəsini biz də uşaq olan dövrdən dərsliklərdən və s. az-çox oxuyurduq, amma şəxsən mənim üçün tamaşa üzərində işləmək, bu tamaşanı 2018-ci ildə işləmişik, Müşfiqə olan sevgim, ürək yanğım, bu cür bir çox şeylər məndə o həvəsi yaratmışdı. Və eyni zamanda, biz tamaşanı hazırlayanda onun haqqında çox dərindən məlumat toplamağı planlaşdırdıq, tədqiqatlar falan. Allah Azər müəllimə rəhmət etsin, Azər Paşa Nemətov da onun haqqında çox şey bilirdi, məşqlər zamanı bunları bizə deyirdi, danışırdı və biz bunlardan çıxış edərək bəzi səhnələrdə onların emosiyasını, sevgisini daha yaxşı canlandırırdıq. Onun şeirlərini yəqin ki, oxuyursunuz. Şeirlərində də onun Dilbər Axundzadəyə olan sevgisi, vətən sevgisi… Amma bilirsiniz də 1937-ci ildə belə insanlar ki, tamaşada da deyildiyi kimi, onun parlaq gələcəyindən qorxurlar və onu bu vəziyyətə salıb 1938-ci ilin yanvarın 6-sı “xalq düşməni” kimi güllələyirlər.
Sizin fikrinizcə “İblis” tamaşasında tamaşaçılara ən çox təsir edən səhnə hansı idi?
Orada bütün səhnələr təsir edən səhnələrdir, yetər ki, əvvəldən axıra diqqətlə tamaşaya baxasan. Başqa müsahibələrimizdə də demişik, sizə də deyim. Ümumiyyətlə, “İblis”,“Hüseyn Cavidin “İblis”i bizim nəfsimizdir. İnsan öz içində ona qalib gəlsə, “İblis”ə qalib gəlmiş olar. Nəfs hər bir insanda müəyyən qədər var, hərənin içində özünün bir faiz dərəcəsi, o “İblis”i var. Çalışmışıq ki, bunu insanlara çatdıraq və mümkün qədər içimizdəki o “İblis”ləri boğaq.
Bəs sizi “İblis” obrazına cəlb edən xüsusiyyətlər nələr idi?
Mən bir aktyor kimi yanaşmışam və çalışmışıq ki, Hüseyn Cavid bu pyesdə insanlara nə demək istəyirsə, hansı mesajı çatdırmaq istəyirsə, onları düzgün çatdıraq və nə dərəcədə çatdırmışıq onu siz tamaşaçılar bilirsiniz.
Mən sizin “Ölülər” tamaşanızı da izləmişəm. Bildiyimiz kimi, “Ölülər” klassik əsərdir və heç bir dövrdə öz aktuallığını itirmir. Bu tamaşada sizi ən çox düşündürən sosial və ya mənəvi mesaj nə idi?
Əsərin məzmununu bilirsiniz ki, burada Cəlil Məmmədquluzadə insanların savadsızlığını və cahilliyini göstərir. Cəlil Məmmədquluzadə də millətini sevən adam olub. Yəni onların bu tərəfini göstərib ki, biz bu cahillikdən çıxmalıyıq və bunu da bir nəfərin dilindən – “Kefli İskəndər”in dili ilə insanlara, tamaşaçıya çatdırır. Mən onun verdiyi bu mesajı doğru sayıram. Yəni bu gün də aktualdı. Biz yəqin ki, görməyəcəyik ki, bu nə zamansa aktual deyil, çünki insanlar hamısı birdən-birə yaxşı ola bilməz.
Bəs sizcə zaman 21-ci əsrin “Kefli İskəndər”ini düşündürən sosial və mənəvi mesaja təsir edə bilib?
Hər halda. Düşünürəm ki, hər bir insan ona diqqət yetiribsə, bu, Anarın göstərdiyi, oynadığı “İskəndər”dir amma bu, əslində Cəlil Məmmədquluzadənin “İskəndər”idir. Bayaq sizin də dediyiniz kimi, onun bu əsəri hər dövrdə aktual olub və düşünürəm ki, siz deyən yerlərə də o mesaj çatıb.
Bəs tamaşalarınızda sizin üçün daha xüsusi, ayrı bir yeri olan obrazınız hansıdır?
Mənim bütün rollarım mənim üçün xüsusidir, ayrıdır. Sabah bizim burada “Xurşidbanu Natəvan” tamaşamız var, orada da”Knyaz Xasay”ı oynuyuram. Vaxtınız varsa dəvət edim, gəlin baxın. Mən bütün rollarımı sevərək oynuyuram, onların arasında heç bir fərq qoymuram. Amma tamaşaçı qoyursa, bu onun öz şəxsi istəyidir. Mənə xoşdur, istər kiçik rol olsun, böyük rol olsun, mən onu sevməsəm oynaya bilmərəm. Amma xüsusi olaraq bunu deyim, mən institut illərimdən həmişə arzulamışdım ki, “Kefli İskəndər”i oynuyum və teatra gəlişimdən çox illər sonra qismət oldu, oynadım. Amma o biri rollar da ürəyimcədir, “İblis” özü, Hüseyn Cavidin “İblis”i həm ağır, həm çətin, həm də sizin dediyiniz kimi mesaj falan düzgün çatdırmaq və s. çalışırsan ki, onu deyilişindən, hər hansı bir jestindən Hüseyn Cavidin dediklərini tamaşaçıya düzgün deyə biləsən. Elə bu tamaşa özü də, bu rol da mənim sevdiyim rollarımdandır. Belə, hər birini sevirəm. Ümumiyyətlə, nəinki aktyorlar, mən belə deyərdim ki, indi sizin peşəniz jurnalistdir. Siz onu sevməsəniz, heç vaxt yaxşı jurnalist ola bilməzsiniz. Vətəni, insanı, ata-ananı necə sevirsənsə, o cür də işini sevməlisən. Misal üçün, deyirlər ki, bizdə aktyor yoxdur, tamaşa yoxdur, onlar mənə pis təsir edir və hətta qısqanır insan. Gərək sən də elə qısqanasan.
Hacızadə Ada