Qurban bayramı: həm dini ibadət, həm də paylaşma ənənəsi
Qurban Bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri hesab olunur. Bu bayram təkcə dini ibadətlə deyil, həm də yardımlaşma, paylaşma və sosial həmrəylik dəyərləri ilə seçilir. Qurban kəsimi, ehtiyacı olan insanlara yardım edilməsi və ailələrin bir araya gəlməsi bayramın əsas xüsusiyyətlərindəndir. Müasir dövrdə isə bayramın keçirilməsi ilə bağlı həm dini, həm sosial, həm də iqtisadi məsələlər müzakirə olunur. Bəs Qurban bayramının cəmiyyət üçün əhəmiyyəti nədir, insanlar bu bayramı necə qarşılayır və ənənələr zamanla dəyişirmi?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, qurban haqqında Qurani-Kərimdə “Həcc” surəsinin 36-cı ayəsində Rəbbimiz buyurur ki, kəsdiyiniz heyvanın nə əti, nə qanı Allaha çatmaz:
“Allaha çatan, Haqqa çatan qəlbinizdəki niyyətinizdir, o təqva hissinizdir. Odur ki, əsas hədəf insanın saflaşması, insanın təmizlənməsidir. Qurbanlıq məktəbi insana fədakarlığı, təslimiyyəti öyrədir. Haqq, həqiqət qarşısında insanın gerçək dərs almasını istəyir. Yəni zahirdə biz bir heyvan kəsirik, amma batində İslam bizdən nəfsimizin nəfəsini kəsməyi, içimizdəki o kiçik fironu tərbiyə etməyi, eyni zamanda başımızı qaldırıb ətrafdakı fəqir-füqəranı görməyi istəyir. İnsan təmiz olmalıdır ki, təmizlənməlidir ki, ətrafdakı dərdli insanların dərdinə şərik ola bilsin. Odur ki, bu bayramın sosial tərəfi çox böyükdür. Zəngin insanlarla fəqir insanlar arasında önəmli körpülər inşa edir və zəngin insanlara deyir ki, heyvanlarınızı qurban edin, o insanlara götürün aparın. Çünki “qurban” sözü yaxınlaşmaq deməkdir-həm Xaliqə, Haqqa yaxınlaşmaq, həm də fəqir-füqəra insanlara yaxınlaşmaqdır. Adətən İslamda qurban üç əsas istiqamətə bölünür: biri evə, biri qonşu-qohuma, biri də fəqir-füqəraya. İnancı, etiqadı kim olursa olsun, qonşumuzda ehtiyac sahibi insanlar varsa, onları mütləq sevindirmək lazımdır. Bu baxımdan qurbanın əsas tərəfi də Rəbbimiz üçün seçilməsidir. Ən gözəlini seçək”.
Banuçiçək Məmmədova