00:00:00
Yazar
Admin User
02.10.2025 13:20 181 2 dəq oxuma
Mədəniyyət

Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə tarixə səyahət

Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə tarixə səyahət

"İnformator.az"xəbər verir ki, əməkdaşımızın yolu bu gün Bakının mərkəzində yerləşən Hacı Zeynalabdin Tağıyev ev muzeyinə düşüb. O oxucularımız üçün muzeylə bağlı xatirələrini bölüşür:

 

"Hacı Zeynalabdin Tağıyev ev muzeyi yalnız bir tarixi bina deyil, həm də milli yaddaşın canlı ünvandır. Şəhərin səs-küyündən bir anlıq uzaqlaşıb bu qapıdan içəri girəndə özümü başqa bir aləmdə, əsrin əvvəllərinin Bakı mühitində hiss etdim.

 

Otaqları gəzərkən ən çox diqqətimi çəkən Tağıyevin gündəlik həyatına aid əşyalar olub. Şəxsi fotolar, masaüstü xırda detallar, məişət nümunələri onun var-dövlətinin arxasında gizlənən başqa bir zənginliyi göstərir. Mən orada gördüm ki, Tağıyev sadəcə sərvətli bir iş adamı yox ,həm də ailəsinə, dostlarına və millətinə dəyər verən böyük bir şəxsiyyət idi.

 

Xüsusilə ,qonaq otağında dayananda təsəvvürümdə canlandı ki, bu zalda vaxtilə ziyalıların, dövlət adamlarının, xarici qonaqların səsi eşidilib. Mənim üçün maraqlı olan həm də evin memarlığındakı qarışıq ahəng idi. Bir tərəfdə milli üslub, digər tərəfdə Avropa təsiri. Bu, Tağıyevin həm köklərinə bağlı, həm də dünyaya açıq olduğunu göstərir.

 

Bir anlıq gözümü pəncərədən küçəyə dikib, bu evin divarları arasında minlərlə qərarın, saysız-hesabsız savab işlərin planlandığını təsəvvür etdim. İndi otaqlar sükuta qərq olsa da, onların hər küncü insanlıq, mərhəmət və vətənpərvərlik hekayələri ilə danışır.

 

Muzeydən çıxanda içimdə qəribə bir yüngüllük hiss etdim. Tağıyev təkcə bir dövrün varlı taciri yox, millətin şərəfini, maarifini və gələcəyini düşünən böyük bir qəlbin sahibi idi. Bu ev muzeyi sadəcə keçmişin xatirəsi deyil, həm də bugünkü gənclərə ünvanlanan səssiz bir nəsihət verir: “Var-dövlət ötəridir, xeyirxahlıq əbədidir”.

 

Ədilə Hüseynzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər