00:00:00
Yazar
Admin User
04.12.2025 18:26 106 3 dəq oxuma
Sosial

“Halal” adı ilə donuz ətli konservlər Azərbaycana gətirilib

“Halal” adı ilə donuz ətli konservlər Azərbaycana gətirilib

Rusiya istehsalı olan və halal kimi satılan bəzi konserv məhsullarında donuz DNT-si aşkarlanıb. Həmin konservlər Rusiya ordusuna göndərilməklə yanaşı, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələrinə ixrac edilir.

 

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, belə halların qarşısını almaq üçün ciddi yoxlamalar aparılmalı və beynəlxalq standartlara uyğun laborator analizlər həyata keçirilməlidir:

 

“Halal qidalar dedikdə onların hazırlanması, istehsalı və istehlakçıya çatdırılması mərhələlərində donuz məhsullarından və donuz qatqılarından istifadə olunmaması nəzərdə tutulur. Burada xüsusilə çarpaz çirklənmə riski də nəzərə alınmalıdır — yəni halal məhsulların donuz tərkibli məhsullarla eyni yerdə və ya paralel hazırlanmaması vacibdir. Halallıq sertifikatı məhsulların kəsimi, saxlanılması, istehsalı və etiket məlumatlarının doğruluğu da daxil olmaqla bütün mərhələlərdə uyğunluğu təsdiqləyir. Bu sertifikatlar aidiyyəti dövlət qurumları və ya beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə verilir.

Əks halda bu, birinci növbədə dini baxımdan halal olmayan qidaların istehlakı deməkdir və inanc baxımından ziddiyyət yaradır. Digər tərəfdən, etiket məlumatlarının düzgün göstərilməməsi istehlakçı hüquqlarının pozulması deməkdir ki, bununla bağlı istehsalçı qanunla məsuliyyət daşıyır. Azərbaycana gətirilən xarici məhsullarda DNT analizlərinin aparılması ilə bağlı isə rəsmi məlumat mövcud deyil.

Əgər hər hansı uyğunsuzluq riski varsa, məhsulların keyfiyyət sertifikatları yoxdursa və insan sağlamlığına zərər ehtimalı mövcuddursa, belə məhsullar satışa buraxılmamalıdır. Rusiya istehsalı məhsullarda risk daha yüksəkdir, çünki orada eyni müəssisədə donuz, mal və digər heyvan ətlərindən istifadə olunur, bu isə çarpaz çirklənmə ehtimalını artırır. Bəzi hallarda halal sertifikatlarının həqiqətən halal standartlarına uyğun olub-olmadığı da şübhə doğurur".

 

Müsahibimizin sözlərinə görə, bu səbəblərdən idxal olunan bütün ət və ət məhsullarında halal uyğunluğunun, o cümlədən donuz DNT-si üzrə analizlərin aparılması zəruridir:

 

"Nəzarət və tənzimləmələr hər partiya üzrə həyata keçirilməlidir. Yerli istehsal olunan məhsullarda da oxşar hallara rast gəlinib. Ötən illərdə aparılan monitorinqlər zamanı mal əti kimi satılan bəzi kolbasa və sosis məhsullarında donuz əti müəyyən edilib. Hətta mal əti adı altında satışda olan, lakin tərkibində ümumiyyətlə mal əti olmayan məhsullar da aşkar olunub. Bu cür uyğunsuzluqlar mütəmadi olaraq monitorinqlər zamanı üzə çıxır. Əgər idxal olunan məhsulların mənşə ölkəsində bu cür analizlər aparılmırsa və etibarlılıq şübhəlidirsə, həmin məhsulların alınması tövsiyə olunmur.

İdxal olunan konserv və ət məhsullarının halal yoxlamadan keçirilməsi, donuz DNT-si analizlərinin aparılması, çarpaz çirklənmə faktorlarının nəzərə alınması və halal standartlarına tam uyğunluğun təmin edilməsi vacib şərtlərdir. Etibarlılığı və mənşəyi bilinməyən istehsalçıların məhsullarında halal və keyfiyyət sertifikatlarının saxtalaşdırılması mümkündür. Buna görə də istehlakçılara yalnız etibarlı və mənşəyi aydın olan brendləri seçmək tövsiyə olunur".

 

 

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər