Əhalinin tibbi müayinəsi davam edir
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Qəbələ rayonunda da uğurla davam edir.
Rayon mərkəzi xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Rayonun səhiyyə ocaqlarına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Aksiyaya tibbin müxtəlif sahələri üzrə həkim və orta tibb işçiləri cəlb edilib, ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri lazımi avadanlıqlarla təchiz olunub.Qəbələ şəhərində, eləcə də 20 yaşayış məntəqəsində aparılmış müayinələr zamanı sakinlər öz sağlamlıqları barədə dəqiq məlumatlar alıb.
Fevralın 1-dən martın 10-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 37 minə yaxın vətəndaş tibbi müayinə olunub. Müayinələrdən sonra 142 nəfər stasionar, 3013 nəfər ambulator müalicəyə cəlb edilib,xəstəliyi daha ağır olan 91 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.
Bundan əlavə 16 həkimdən ibarət briqadalar kəndlərə ezam olunaraq əhalinin tibbi müayinəsini həyata keçirirlər. İyirimi iki kənddə əhalini müayinə edən həkimlər mayın 1-dək rayonun daha 42 kəndinə ezam olunacaqlar. Rayon sakinləri tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsindən, həkimlərin onlara nəvazişlə, qayğı ilə yanaşmasından razılıqlarını bildirir.
