Hantavirus təhlükəsi: Regionda risk artır, təcili tədbirlər müzakirə olunur
Son günlər dünyada və regionda hantavirus ilə bağlı xəbərlərin artması narahatlıq doğurur. Mütəxəssislər bildirir ki, əsasən gəmiricilər vasitəsilə yayılan bu virus insan sağlamlığı üçün ciddi risk yarada bilər. Rəsmi qurumların məlumatına görə, vəziyyətin nəzarətdə saxlanılması məqsədilə təcili toplantı keçirilib və preventiv tədbirlərin gücləndirilməsi qərara alınıb.
Mövzu ilə bağlı səhiyyə eksperti Adil Qeybulla “İnfotmator.az”a açıqlamasında bildirib ki, hantaviruslar təbiətdə gəmiricilərin hüceyrələrində təbii rezervuar kimi mövcud olan viruslardır:
“Bu viruslar təxminən ötən əsrdə müəyyən edilib və onların insan orqanizminə keçməsi artıq təsdiqlənib. Son vaxtlar hantavirusun bəzi ştammlarının insandan-insana keçməsi müəyyən edildiyi üçün dünya səhiyyə təşkilatları bununla bağlı həyəcan təbili çalır. Hantavirus əsasən “maral siçanı” adlanan xüsusi gəmirici növlərində olur. Bizim evlərdə, zirzəmilərdə və tavanlarda rast gəlinən adi siçanlarda buna çox rast gəlinmir. Amma istənilən halda, gəmiricilər virusun əsas daşıyıcıları hesab olunur. Mütəxəssislərin fikrincə, kruiz gəmilərində yoluxma halları da qeydə alınıb. Çünki gəmilərə yüklər daşınarkən gəmiricilər və onların ifrazatları həmin yüklərə toxuna bilir. Siçanlar bəzən yüklərin içində gizlənərək gəmiyə daxil olur və orada yaşamaq üçün uyğun mühit tapırlar. Gəmilərdə onların çoxalması üçün kifayət qədər şərait olur. Buna görə də mübarizə məhz buradan başlamalıdır. Bu gəmiricilər yataq dəstlərinə, qablara və müxtəlif səthlərə toxunur, onların ağız suyu, sidiyi və digər ifrazatları ətrafa yayılır. İnsanların yoluxması da əsasən bu yolla baş verir. Yoluxmanın əsas mexanizmi havaya qalxan virus hissəciklərinin nəfəs yolu ilə insan orqanizminə daxil olmasıdır. Virus insan orqanizmində müxtəlif ağırlaşmalar yarada bilir. Bəzi hallarda hemorragik qızdırma və böyrək çatışmazlığı, bəzi hallarda isə ağciyər problemləri və kardiopulmonal ağırlaşmalar müşahidə olunur. Bunlar olduqca ağır və ölümcül nəticələr verə bilən hallardır. Ölüm faizi bəzi ştammlarda 70 faizə qədər yüksələ bilir. Hazırda hantavirusun genişmiqyaslı yayılması və pandemiya təhlükəsi müşahidə edilmir. Amma virus RNT tərkibli olduğuna görə mutasiyaya uğrama ehtimalı var. Gələcəkdə hava-damcı yolu ilə yayılma xüsusiyyəti qazanarsa, daha təhlükəli vəziyyət yarana bilər. Bu baxımdan diqqətli olmaq vacibdir. Virusun insan orqanizminə uyğunlaşması gələcəkdə yeni xüsusiyyətlər əldə etməsinə şərait yarada bilər”.
Cavahir Əsgərbəyli