00:00:00
Yazar
Admin User
29.09.2025 18:09 188 3 dəq oxuma
İqtisadiyyat

“Hasilat artımı qlobal enerji siyasətində yeni balans yarada bilər”

“Hasilat artımı qlobal enerji siyasətində yeni balans yarada bilər”

“OPEC+” noyabrda neft hasilatını artırmağı planlaşdırdığı üçün neft qiymətləri ucuzlaşıb. “Brent” markalı neftin fyuçersləri 34 sent və ya 0,5% ucuzlaşaraq 69,79 dollara düşüb. “WTI” markalı xam neftin fyuçersləri isə 43 sent və ya 0,7% azalaraq 65,29 dollar olub.


Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, OPEC+ noyabr ayı üçün hasilatı artırmaqla bazara bir neçə strateji mesaj ötürür:


“Əvvəla, bu addım göstərir ki, təşkilat qlobal iqtisadiyyatda artan enerji tələbinin qarşılanmasına hazırdır. Bazarda təchizat çatışmazlığına imkan vermək istəmir. Bu, xüsusilə pandemiya sonrası dövrdə iqtisadi artımın sürətlənməsi fonunda mühüm siqnaldır. Digər tərəfdən, hasilatın artırılması OPEC+ daxilində siyasi və iqtisadi birlik nümayişidir. Təşkilat üzvləri göstərmək istəyirlər ki, onlar bazarın idarə olunmasında koordinasiyalı və nizamlı hərəkət edirlər. Eyni zamanda bu qərar, həm də digər istehsalçılara xüsusilə ABŞ-nin şist neft istehsalçılarına  dolayı mesajdır ki, bazarda tələbatın artmasından yaranan boşluqlar əsasən “OPEC+”dan doldurulacaq. Qiymətlərin kəskin yüksəlməsinə imkan verilməyəcək. Hasilatın artırılması ilə bağlı qərar qlobal enerji siyasətində bir sıra yeni diskussiyaları gündəmə gətirəcək. İlk olaraq, neftin qiymət sabitliyi və bazarların idarə olunmasında “OPEC+”un rolu yenidən diqqət mərkəzinə çıxacaq. İkinci mühüm məsələ, istehlakçı ölkələrin, xüsusilə də Avropa İttifaqı və ABŞ-nin enerji təhlükəsizliyi strategiyalarında yenidən nəzərdən keçirmələrə səbəb ola bilər. Bu ölkələr qiymətlərin ucuzlaşmasından qısamüddətli fayda götürsələr də, uzunmüddətli perspektivdə neftdən asılılığın azaldılmasını və alternativ enerji mənbələrinin inkişafını sürətləndirməyə çalışacaqlar. Bundan əlavə, hasilatın artması iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində aparılan qlobal müzakirələrdə də yeni gərginliklər yarada bilər. Çünki emissiyaların azaldılması hədəfləri ilə artan neft istehsalı arasında ziddiyyətlər mövcuddur. Çin, Hindistan kimi sürətlə böyüyən iqtisadiyyatların isə bu qərarı müsbət qarşılayaraq uzunmüddətli tədarük müqavilələri axtaracağı gözlənilir”.

 

Ekspert qeyd edib ki, neftin qiymətinin azalması istehlakçı ölkələrin iqtisadiyyatına mühüm faydalar gətirir:


“Ən önəmli üstünlük inflyasiya təzyiqlərinin azalmasıdır. Enerji xərclərinin aşağı düşməsi istehsal və daşınma xərclərini azaldır. Bu isə həm sənayedə, həm də xidmət sektorunda məhsul və xidmətlərin qiymətlərinə müsbət təsir göstərir. Digər bir fayda dövlət büdcələri üçün yaranır. Xüsusilə enerji subsidiyaları tətbiq edən ölkələr yanacaq qiymətlərinin enməsi nəticəsində sosial proqramlara və infrastruktur layihələrinə daha çox vəsait ayıra bilirlər. Eyni zamanda, istehlakçı ölkələr üçün tədarük mənbələrinin şaxələndirilməsi və enerji ehtiyatlarının artırılması baxımından əlverişli şərait yaranır. Çünki qiymətlərin aşağı olması fonunda ehtiyatların formalaşdırılması daha az xərc tələb edir. Neft qiymətlərinin ucuzlaşması ixracatçı ölkələrin maliyyə sabitliyi üçün ciddi risklər doğurur. Əvvəla, büdcə gəlirlərində azalma baş verir. Xüsusilə də dövlət büdcəsinin böyük hissəsi neft gəlirlərindən asılı olan ölkələrdə fiskal sabitlik zəifləyir. Bu, sosial xərclərin maliyyələşdirilməsində, infrastruktur layihələrinin icrasında və valyuta ehtiyatlarının qorunmasında çətinliklər yarada bilər. İkinci risk xarici ticarət balansı ilə bağlıdır. Neftdən əldə olunan ixrac gəlirlərinin azalması ölkələrin tədiyyə balansında kəsir yarada bilər. Bu da milli valyutaların sabitliyinə təzyiq göstərir. Bundan əlavə, qiymətlərin enməsi enerji sektoruna yeni investisiyaların cəlb olunmasını çətinləşdirir. Çünki investorlar aşağı qiymət şəraitində gəlirlilik risklərini yüksək hesab edirlər. Uzunmüddətli perspektivdə isə bu, hasilatın modernləşdirilməsi və yeni layihələrin icrası üçün maliyyə mənbələrinin məhdudlaşmasına gətirib çıxara bilər”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər