00:00:00
Yazar
Admin User
16.12.2025 17:34 98 3 dəq oxuma
İqtisadiyyat

“Hazırkı mərhələdə neft hasilatında təbii azalma müşahidə olunur”

“Hazırkı mərhələdə neft hasilatında təbii azalma müşahidə olunur”

Son illərdə Azərbaycana yönələn birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payında azalma müşahidə olunur. Mütəxəssislər bu tendensiyanı iqtisadiyyatın şaxələndirilməsi siyasəti, post-neft mərhələsinə keçid və qeyri-neft sahələrinə artan maraqla əlaqələndirirlər.


Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, neft-qaz sektorunda investisiyaların azalması uzunmüddətli prosesin məntiqi nəticəsidir:

 

“Neft-qaz sektorunda investisiyaların azalmasını təhlil etmək üçün 1994-cü ildən-‘Əsrin müqaviləsi’ dövründən başlamaq lazımdır. Həmin dövrdə bu sektora kifayət qədər böyük həcmdə investisiyalar yatırılıb və məhz həmin investisiyaların nəticəsində Azərbaycanın əsas təbii sərvətləri iqtisadi dövriyyəyə cəlb olunub. Neft və qazın dünya bazarlarına çıxarılması bu yatırımların real nəticəsi kimi dəyərləndirilməlidir. Hazırkı mərhələdə neft hasilatında təbii azalma müşahidə olunur və bu, investisiya həcmlərinə də təsir edir. Hazırda neft sektorunda hasilat mərhələli şəkildə azalır. Bu fonda korreksiya xarakterli investisiyalar davam etsə də, əvvəlki illərlə müqayisədə həcmlər xeyli aşağıdır. Bu hər hansı mənfi hal deyil, sadəcə dövrün tələbidir. Zamanında böyük investisiyalar qoyulub və həmin layihələr artıq öz pik mərhələsini keçib. Xarici sərmayələrin istiqamətinin dəyişməsi iqtisadi strategiyanın tərkib hissəsidir. Hazırda xarici investisiyalar əsasən beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafına yönəlir. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe bu sahədə böyük imkanlar yaradır və bu imkanların dəyərləndirilməsi istiqamətində ciddi işlər görülür. Eyni zamanda qeyri-ənənəvi, yəni bərpaolunan enerji mənbələrinin səmərəliliyinin artırılması prioritet istiqamətlərdəndir. Məhz bu sahələr Azərbaycanın post-neft dövrü üçün əsas inkişaf istiqamətləridir.Logistika infrastrukturu və alternativ enerji mənbələri post-neft dövrünün ən vacib sahələridir. Bu istiqamətlərdə investisiyalar artırılmalı və davamlı xarakter almalıdır. Çünki həm qeyri-ənənəvi enerji mənbələrində, həm də nəqliyyat-logistika imkanlarında ölkənin kifayət qədər böyük potensialı var”.

 

İqtisadçı hesab edir ki, əsas məsələ bu potensialın iqtisadi dövriyyəyə effektiv şəkildə cəlb olunmasıdır:

 

“Bu sahələrin iqtisadi dövriyyəyə daxil edilməsi yalnız ünvanlı və planlı investisiyalar hesabına mümkündür. İnvestisiya qoyuluşları qısa müddətdə səmərə verməli və iqtisadi aktivliyi artırmalıdır. Hazırda Azərbaycanın mövcud alternativ enerji ehtiyatları indiki istifadə səviyyəsindən dəfələrlə çoxdur. Sadəcə bu imkanlardan maksimum istifadə edilməlidir. Beynəlxalq ticarət dövriyyəsində də Azərbaycanın rolu artırıla bilər. Çin və Avropa arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon dollardan artıqdır. Bu dövriyyədən maksimum pay almaq üçün daşımaların, logistika infrastrukturlarının genişləndirilməsi vacibdir. Eyni zamanda bu marşrut üzərində yerləşən ölkələrin də tempə uyğunlaşması önəmlidir. Bu sahədə xarici investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Neft-qaz sektorunda investisiyaların azalması iqtisadiyyat üçün risk deyil, əksinə yeni imkanlar yaradır.Bu proses göstərir ki, iqtisadiyyat tədricən şaxələnir və yeni sahələr ön plana çıxır. Logistika, alternativ enerji və qeyri-neft sektoruna yönələn investisiyalar uzunmüddətli perspektivdə iqtisadi dayanıqlığı gücləndirəcək. Bu istiqamətlər artıq prioritet hesab olunur və gələcəkdə də əsas inkişaf xətti məhz bu sahələr üzərindən qurulacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər