Heç fərqinə varmadan necə daha çox hərəkət edə bilərik?
Gündəlik həyatda kiçik hərəkətlər etmək sağlamlığımızı qorumağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
Təsadüfi fiziki fəaliyyət planlı məşqlərdən kənarda gündəlik həyatımızda etdiyimiz hərəkətlərdir. Bu fəaliyyət “qeyri-məşq fəaliyyəti nəticəsində enerji sərfi” (NEAT) adlanır. Ayaqları tərpətmək, qab yumaq, ev işləri görmək və pilləkənlərlə qalxmaq bu fəaliyyətlərə daxildir.
Mütəxəssislər bildirirlər ki, uzun müddət oturmaq ayaq əzələlərinin fəaliyyətini azaldır, qan dövranına və qanda şəkərin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Ayaqları tərpətmək və tez-tez hərəkət etmək isə əzələ fəaliyyətini artıraraq daha çox enerji sərf etməyə kömək edir.
2024-cü ildə aparılan genişmiqyaslı araşdırma göstərib ki, gündə cəmi dörd dəqiqəlik qısa və intensiv hərəkətlər oturaq həyat tərzinin ürək-damar xəstəlikləri riskinə təsirini azaltmağa kömək edə bilər. Araşdırmada 22 mindən çox insanın məlumatları təhlil edilib və iştirakçılar səkkiz il ərzində izlənilib.
Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik fiziki aktivliyin artırılması uzun müddət oturmağın yaratdığı sağlamlıq risklərini azalda bilər. Pilləkənlərlə qalxmaq, ağır alış-veriş çantalarını daşımaq, uşaqlarla oynamaq və sürətli yerimək bu baxımdan faydalı hesab olunur.
Mütəxəssislər gündəlik vərdişlərə əlavə hərəkətlər daxil etməyi də tövsiyə edirlər. Məsələn, dişləri fırçalayarkən dabanları qaldırıb-endirmək, telefonla danışarkən gəzmək və iş zamanı ayaqüstü masalardan istifadə etmək mümkündür.
Araşdırmalar göstərir ki, təsadüfi fiziki fəaliyyət vaxtından əvvəl ölüm və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəlidir.
Mütəxəssislərin fikrincə, sağlam qalmaq üçün mütləq idman zalına getmək və uzun saatlar məşq etmək lazım deyil. Gün ərzində kiçik hərəkətlərə daha çox yer vermək də sağlam həyat tərzinin formalaşmasına kömək edə bilər.
Aysu Abbasova