“Heç kim dəstəkləmir”
Ukraynanın ön xəttində döyüşən hərbçilər ABŞ-nin sülh planı layihəsinə müxtəlif reaksiyalar verib. Bəziləri planı qətiyyətlə rədd edib, digərləri isə müharibənin dayandırılması üçün kompromisə hazır olduğunu bildirib.
BBC sosial şəbəkə və e-poçt vasitəsilə bir neçə hərbçi ilə əlaqə saxlayıb. Şərhlərin böyük hissəsi planın ilkin variantını tənqid edib. Yaroslav bunu “dəhşət” adlandırıb və “heç kim dəstəkləmir” , - deyib. Hərbi tibb işçisi Ştutser sənədi “rüsvayçı” kimi qiymətləndirib. “Snake”ləqəbli döyüşçü isə “artıq nəyəsə razılaşma vaxtı yetişib” fikrini bölüşüb.
Planın ən mübahisəli hissəsi Donbasdan imtina edilməsidir. Snake əhalinin azaldığını və daha çox itki verilməsinin mənasız olduğunu bildirib. Baş Qərargah zabiti Andrii regionun qorunmasının real imkanlarını şübhə altına alıb. Digər hərbçilər isə bunu qəbul edilməz addım hesab edir və minlərlə itkinin əhəmiyyətsizləşəcəyini deyib.
Sənəddə Ukrayna ordusunun 600 min nəfərə qədər azaldılması da nəzərdə tutulur. Bir qrup hərbçi təhlükəsizlik təminatları olacağı halda bunun mümkünlüyünü qəbul edib. Digərləri isə bunu “absurd” adlandırıb.
Plan NATO üzvlüyünü istisna edir, lakin AB-nə üzvlüyü açıq saxlayır və ABŞ-nin təhlükəsizlik təminatlarını nəzərdə tutur. Bir çox hərbçi bu zəmanətlərə inanmır. Yevhen müttəfiq qoşunlarının Ukraynada yerləşdirilməsini vacib hesab edir.
Layihə həmçinin müharibədən 100 gün sonra seçkilər keçirilməsini təklif edir. Döyüşçülərin əksəriyyəti hökumətlə bağlı etimadın azaldığını əsas gətirərək seçkilərin vacibliyini qəbul edir.
Ümumi rəy belədir: hərbçilər yorulub və sülh istəyir, lakin hazırkı plan real çıxış yolu kimi görünmür. Andrii sonda deyib: “Əgər müharibəni dayandırırsa, mənim üçün uyğundur”.
BBC
Reyhan Quliyeva
