“Heç kim peşmanlıq əlaməti belə göstərmədi”
29 sentyabr 1947-ci ildə Nürnberqdə tarixə ən böyük kütləvi qətl məhkəmələrindən biri kimi düşən proses başladı. ABŞ-ın ən gənc prokuroru Ben Ferencz nasistlərin ölüm dəstələrinin 22 üzvünü ədalət qarşısına çıxarmaq üçün mübarizə apardı.
“Bir dəfə yazmışdım ki, cəhənnəmin içinə boylanmışam. Məncə, cəhənnəm belə gördüklərimin yanında cənnət sayılardı”.
Ben Ferencz 2017-ci ildə BBC-yə İkinci Dünya müharibəsinin sonunda Buxenvald konsentrasiya düşərgəsində gördüyü dəhşətləri belə xatırlayırdı. Məhz bu təcrübə onu 27 yaşında Nürnberq məhkəmələrində ABŞ-ın ən gənc prokuroruna çevirmişdi.
Macarıstan yəhudilərindən olan Ferencz Nyu-Yorkda böyümüş, 1943-cü ildə Harvard Hüquq Məktəbini bitirdikdən sonra orduya yazılmışdı. Normandiya əməliyyatında iştirak etmiş, daha sonra müharibə cinayətlərini araşdırarkən nasistlərin azad edilmiş konsentrasiya düşərgələrinə daxil olan ilk amerikalı hərbçilərdən biri olmuşdu.
Buxenvaldda gördükləri onun yaddaşından heç vaxt silinmədi.
“Yerdə cəsədlər vardı. Məhbuslar aclıqdan o qədər arıqlamışdılar ki, cırıq paltarlara bürünmüş skeletləri xatırladırdılar”.
Nasist ölüm dəstələrinin gizli hesabatları
1945-ci ildə ABŞ-a qayıdan Ferencz Nürnberq məhkəmələrinə kömək etmək üçün işə cəlb edildi. Onun vəzifəsi nasist rejiminin müxtəlif təbəqələrinin törətdiyi cinayətləri araşdırmaq idi. Bu cinayətlərə insanları ölüm həddinə qədər işlədən sənayeçilərin, qanunu təhrif edən hakim və hüquqşünasların, məhbuslar üzərində təcrübələr aparan həkimlərin, eləcə də kütləvi qətllər törədən SS üzvlərinin əməlləri daxil idi.
Berlin arxivlərini araşdıran təxminən 50 nəfərlik komanda gözlənilməz sübutlarla qarşılaşdı. Bunlar Einsatzgruppen adlanan mobil ölüm dəstələrinin gündəlik hesabatları idi.
Alman ordusunun işğal etdiyi ərazilərdə fəaliyyət göstərən bu dəstələr, əsasən, Polşa və Sovet İttifaqında yəhudiləri, eləcə də nasistlərin düşmən hesab etdikləri digər insanları kütləvi şəkildə güllələyirdilər. Bu dəstələrdə təxminən 3 000 alman kişinin iştirak etdiyi ehtimal olunurdu.
Hesabatları araşdıran Ferencz həmin şəxslərin mühakimə olunmasını tələb etdi. Lakin ABŞ-ın müharibə cinayətləri üzrə baş prokuroru, general Telford Taylor ona belə bir məhkəmənin planlaşdırılmadığını bildirdi. Hüquqşünasların hamısı artıq digər proseslərə cəlb edilmişdi, Pentaqon isə əlavə məhkəmənin keçirilməsinə hələ icazə verməmişdi.
Ferencz isə geri çəkilmək fikrində deyildi.
“Dedim ki, əlimdə insanlıq tarixində indiyədək görünməmiş miqyasda kütləvi qətllərin sübutları var. Bu adamları cəzasız buraxa bilməzsiniz!”
Taylor ondan digər vəzifələrini yerinə yetirməklə yanaşı, bu məhkəməni də təşkil edib-edə bilməyəcəyini soruşdu.
Ferenczin cavabı qısa oldu:
“Əlbəttə”.
Beləliklə, cəmi 27 yaşında olan Ferencz nasist ölüm dəstələrinin üzvlərinin mühakimə olunduğu prosesdə baş prokuror təyin edildi. Sonralar o, bu təyinatın əvvəlcədən planlaşdırılmış karyera addımı deyil, gözlənilməz bir fürsət olduğunu etiraf edirdi.
Təqsirləndirilən şəxsləri necə seçdi?
Ferencz məhkəməyə çıxarılacaq şəxsləri müəyyənləşdirmək üçün konkret meyarlar hazırlamışdı. İlk şərt onların həbsdə olması idi. Onun fikrincə, sübutlar nə qədər güclü olsa da, təqsirləndirilən şəxs əlində deyilsə, məhkəmə prosesi aparmaq mümkün deyil.
“Sübutunuz ola bilər, amma məhbusunuz yoxdursa, əlinizdə heç nə yoxdur”.
Ferencz yalnız aşağı rütbəli icraçıları mühakimə etməklə kifayətlənmək istəmirdi. O, yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunmasına çalışırdı. Namizədlərin nasist partiyasına mənsubiyyətini təsdiqləyən sənədləri araşdırır, rütbələrini və təhsil səviyyələrini yoxlayırdı. Generalların və elmi dərəcəsi olan şəxslərin, xüsusilə doktorluq dərəcəsi qazananların siyahıda yer almasına diqqət yetirirdi.
Lakin məhkəmə kürsüsündə cəmi 22 yer vardı.
Ölüm dəstələrində iştirak etmiş təxminən 3 000 nəfərin içindən yalnız 22 nəfəri seçmək mümkün idi.
“Niyə 28 yox? Çünki müttəhimlər kürsüsündə cəmi 22 yer vardı. Bu, absurddurmu? Əlbəttə, absurddur”.
Ferencz prosesin imkanlarının məhdud olduğunu anlayırdı. O, bütün cinayətkarların məsuliyyətə cəlb edilməsinin praktiki baxımdan mümkün olmadığını bilirdi. Bununla belə, ən ağır cinayətlərdə iştirak etmiş və əleyhinə kifayət qədər sübut toplanmış şəxslərin mühakimə olunmasını vacib sayırdı.
Şübhəyə yer qoymayan sübutlar
Ferenczin əlindəki ən mühüm dəlillərdən biri ölüm dəstələrinin komandirlərinə göndərilən məxfi hesabatlar idi. Həmin sənədlərdə öldürülən insanların sayı göstərilirdi.
Ferencz bu hesabatlardakı bəzi rəqəmlərin şişirdilmiş ola biləcəyini qəbul edirdi. Lakin sənədlər eyni zamanda cinayətkarların törətdikləri əməllərə münasibətini açıq şəkildə ortaya qoyurdu. Onlar öldürdükləri insanların sayını rəhbərlərinə bildirir, kütləvi qətllərin miqyasını hesabatlarda qeyd edirdilər.
Müttəhimlərin “biz sadəcə əmrləri yerinə yetirirdik” arqumenti Ferencz üçün qəbuledilməz idi. O hesab edirdi ki, bu şəxslər yalnız əmrləri icra etməklə kifayətlənmirdilər. Onlar törətdikləri qətllərin sayını rəhbərlərinə fəxrlə çatdırırdılar.
Ferenczin sözləri ilə desək, bu adamlar elə həvəslə öldürürdülər ki, məhv etdikləri insanların sayını hesabatlarında öyünərək göstərirdilər.
“Heç kim zərrə qədər də peşmanlıq göstərmədi”
Məhkəmə zamanı bütün müttəhimlər özlərini günahsız elan etdilər. Ferenczin sözlərinə görə, onlardan heç biri törətdiyi əməllərə görə peşmanlıq əlaməti göstərmədi.
“Heç kim zərrə qədər də peşmanlıq göstərmədi. Bu adamlar bəşər tarixinin ən qaranlıq səhifəsini yazdılar. İnsanlar onları öldürənlərlə eyni irqə, dəri rənginə və ya ideologiyaya mənsub olmadıqları üçün qətlə yetirildilər”.
Ferencz üçün bu proses yalnız keçmişin cinayətlərinə görə cəza tələb etməkdən ibarət deyildi. O, insanları gələcəkdə belə vəhşiliklərdən qoruyacaq beynəlxalq hüquq sisteminin formalaşmasını da vacib sayırdı.
Bir milyondan çox qurban və tarixi hökm
Associated Press agentliyinin “tarixin ən böyük qətl məhkəməsi” adlandırdığı proses bir milyondan çox insanın qətli ilə bağlı cinayətlərin araşdırılmasını əhatə edirdi.
Məhkəmə 20 nasist məmurunu müharibə cinayətlərində təqsirli bildi. Daha iki müttəhim cinayətkar təşkilata üzvlükdə təqsirli bilinsə də, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər ittihamları üzrə bəraət aldı.
Ferencz məhkəmədəki yekun çıxışında prosesin əsas məqsədini belə ifadə etmişdi:
“Biz burada bir milyondan çox günahsız və müdafiəsiz kişi, qadın və uşağın qətlə yetirildiyini ortaya qoyuruq. Məqsədimiz qisas almaq deyil. Biz bu məhkəmədən insanın irqindən və ya etiqadından asılı olmayaraq, sülh və ləyaqət içində yaşamaq hüququnu təsdiqləməsini istəyirik. Təqdim etdiyimiz bu iş insanlığın qanuna ünvanladığı bir çağırışdır”.
Bu mövqe Ferenczin həyatının əsas prinsipini əks etdirirdi: qisas deyil, hüquq; nifrət deyil, insan ləyaqəti; güc deyil, ədalət.
“Müharibə insanı kütləvi qatillərə çevirir”
Ferencz sonrakı illərdə beynəlxalq cinayət hüququnun inkişafında mühüm rol oynadı. O, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına töhfə verən şəxslərdən biri oldu.
2017-ci ildə, 97 yaşında olarkən, BBC-yə insanın necə olub kütləvi qətllər törədə bildiyi barədə danışdı. Onun qənaəti sadə, amma sarsıdıcı idi:
“Mən öyrəndim ki, müharibə adi insanları qatillərə, hətta kütləvi qatillərə çevirir. Bu, bütün müharibələrə və bütün millətlərə aiddir. Mən bunu müxtəlif müharibələrdə görmüşəm”.
Ferencz xüsusilə bir məqama diqqət çəkirdi: ən dəhşətli müharibə cinayətlərini belə qeyri-insani varlıqlar deyil, özlərini haqlı hesab edən insanlar törədirlər.
“Bunlar öz dinlərini, millətlərini və ya iqtisadi təhlükəsizliklərini qoruduqlarına inanan vətənpərvər insanlardır. Bunlar buynuzlu şeytanların törətdiyi cinayətlər deyil. Bu cinayətləri savadlı, özlərini yaxşı niyyətli və vətənpərvər hesab edən insanlar törədirlər”.
Onun fikrincə, bu həqiqəti anlamaq xüsusilə vacibdir. Çünki insanları kütləvi zorakılığa sürükləyən amillər təkcə keçmişə aid deyil. Nifrət, kor-koranə itaət, ifrat millətçilik və başqalarını özləri ilə bərabər insan hesab etməmək kimi düşüncə tərzləri müxtəlif dövrlərdə yenidən meydana çıxa bilər.
Ferencz hesab edirdi ki, insanları fərqli düşünənlərə qarşı anlayışlı və mərhəmətli olmağa öyrətmək lazımdır. Güzəştə getmək, qarşı tərəfi dinləmək və fərqli fikirlərə hörmətlə yanaşmaq zəiflik deyil. Əksinə, bunlar sülhün qorunması üçün vacib keyfiyyətlərdir.
O, insanların düşüncə tərzini dəyişməyin uzun və çətin proses olduğunu qəbul etsə də, ümidini itirmirdi. Nürnberq məhkəmələrindən sonrakı dövrdə beynəlxalq hüququn inkişafında müəyyən irəliləyiş əldə olunduğuna inanırdı.
Ferenczin insanlığa son mesajı isə bu idi:
“Ümidinizi itirməyin. Hüquq həmişə müharibədən daha yaxşıdır”.
BBC
Gülnar Mustafayeva