Heç səy göstərmədən necə daha çox fiziki hərəkət edə bilərik ?
Gündəlik təsadüfi fiziki aktivlik oturarkən ayağınızı tərpətmək və ya qabları yumaq qədər sadə ola bilər. Mütəxəssis Narayananın sözlərinə görə,bədən vəziyyəti dəyişmək,çiyinləri fırlatmaq və ya ayaq pəncərələrini hərəkət etdirmək kimi kiçik hərəkətlər də fiziki aktivlik hesab olunur:
“Gündəlik həyat zamanı etdiyimiz bu kiçik fiziki hərəkətlərin sağlamlığımızı qorumaq üçün gözlənilmədən güclü vasitə olduğu ortaya çıxır.Bu hərəkətlər daha çox kalori yandırmağa, ürək-damar xəstəlikləri riskini azaltmağa və hətta ölüm riskini aşağı salmağa kömək edir. Biz bu “təsadüfi fiziki aktivliyin” fərqinə vardıqdan sonra həyat tərzimizdə bir neçə sadə dəyişiklik etməklə onu gündəlik həyatımıza daha çox daxil edə bilərik”.
Mütəxəssis Narayanan bildirib ki,uzun müddət oturduğumuz zaman ayaqlarımızdakı əzələlər nisbətən hərəkətsiz qalır:
“Bu qandakı qlükozanın (şəkərin) azalmasına və sağlam qan dövranının qorunmasına kömək edən müntəzəm əzələ yığılmalarını azaldır. Lakin son araşdırmalardan biri göstərib ki, ayaqları tərpətmək əzələlərin fəalliyyətini artırır və buna görə də hərəkətsiz oturmaqla müqayisədə daha çox kalori yandırmağa kömək edir. Sağlamlığımız üçün fayda əldə etmək məqsədilə saatlarla hərəkət etməyimizə ehtiyac yoxdur".
2024-cü ildə aparılmış genişmiqyaslı bir araşdırma göstərib ki,gün ərzində cəmi dörd dəqiqə,hər biri bir dəqiqədən az davam edən qısa fiziki hərəkətlər oturaq həyat tərzinin yaratdığı ürək-damar xəstəlikləri riskunin artmasını azaltmağa kömək edə bilər. Araşdırma zamanı tədqiqatçılar Böyük Britaniyada yaşayan 22 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. İştirakçılar gün ərzində nə qədər hərəkət etdiklərini qeydə alan xüsusi izləmə cihazları taxırdılar.
Tədqiqatda yalnız müntəzəm olaraq məqsədli fiziki məşqlərlə məşğul olmayan şəxslər iştirak edirdilər.
İştirakçılar səkkiz il ərzində müşahidə olunublar. Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik təsadüfi fiziki aktivliyin yüksək səviyyədə olması gün ərzində 11 saatdan çox oturmağın sağlamlıq üçün yaratdığı riskləri azalda bilər.
Sonrakı araşdırmalar da göstərib ki, gündəlik fiziki aktivlik vaxtından əvvəl ölüm riskinin azalması ilə əlaqəlidir.
Araşdırmaya rəhbərlik edən, Avstraliyanın Monaş Universitetinin baş elmi işçisi Nikolas Koemel bildirir ki, gündəlik həyatımıza daxil edə biləcəyimiz belə fəaliyyətlərə pilləkənlərlə qalxmaq, ağır alış-veriş çantalarını daşımaq və uşaqlarla oynamaq daxildir.
Koemal bildirib ki, insanlar gün ərzində daha çox hərəkət etməyə imkan verən fürsətlərə diqqət yetirməklə bu fəaliyyətlərin intensivliyini artıra bilərlər.
Beləliklə, mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi üçün mütləq idman zalına getmək lazım deyil. Gündəlik həyatımızda etdiyimiz kiçik hərəkətlər belə fiziki aktivliyi artırmağa və sağlamlığımızı qorumağa kömək edə bilər.
Pənahova Şəbnəm
BBC