“Heyrətdən nəfəsimiz kəsilib”: Tutanxamonun məzarının möhtəşəm kəşfi
BBC-nin 1936-cı il arxivində arxeoloq Hovard Karter 1924-cü il fevralın 12-də, 3 300 ildən sonra ilk dəfə Misirin gənc fironu Tutanxamonun məzarı ilə üz-üzə gəldiyi anı xatırlayır. O, bu kəşfi “insan tarixində nadir rast gəlinən möcüzə” kimi təsvir edib.
Karter deyib ki, məzarda sanki həyat yeni tərk edilmişdi: yarımçıq qablar, qaralmış çıraqlar və taxta yonqarları hələ də yerində idi. Qızıl qapalı məbədi açanda qarşılarına daha möhtəşəm bir mənzərə çıxıb – iç-içə yerləşdirilmiş üç tabutun içində gənc fironun qızıldan hazırlanmış möhtəşəm fiquru.
Təxminən 1 130 kiloqram ağırlığında olan daş qapaq xüsusi mexanizmlə qaldırıldıqdan sonra Karter və şahidlər gördükləri mənzərədən heyrətə gəliblər. “Gözlərimizin qarşısında misilsiz gözəllik açıldı”, - deyə o bildirib.
Maraqlıdır ki, bu tarixi kəşfi edən Hovard Karter rəsmi ali təhsil almayıb. O, gənc yaşlarından rəsmetmə bacarığı sayəsində Misirdə arxeoloji işlərə cəlb olunmuş və illərlə təcrübə qazanıb. Tutanxamonun məzarının təsadüf və zəhmətin nəticəsi olaraq tapılması arxeologiya tarixində ən böyük kəşflərdən biri hesab olunur.
BBC
Reyhan Quliyeva
