HHM sursat çatışmazlığı Rusiyanın təzyiqini artıra bilər
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə ABŞ Konqresi, nə də Ağ Ev onun Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri üçün sursat tədarükünün artırılması xahişi ilə bağlı məktubuna cavab verib.
Ukrayna lideri bunu "CBS" telekanalına müsahibəsində bəyan edib.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin ABŞ Konqresinə və Ağ Evə ünvanladığı, Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat tədarükü ilə bağlı müraciətlərə cavab verilmədiyini açıqlaması, Ukraynanın müdafiə imkanları baxımından diqqətçəkən hadisədir:
“Bu məsələ hərbi-texniki olmaqla yanaşı, həm də siyasi və geostrateji məzmun daşıyır. Zelenski həmçinin Patriot sistemlərinin istehsalı ilə bağlı lisenziya üçün də ABŞ-yə müraciət edib, lakin o müraciət də cavabsız qalıb. ABŞ-nin HHM sistemləri üçün sursat tədarükünün artırılmasına operativ reaksiya verməməsi şübhəsiz ki, Ukraynanın hava məkanının müdafiəsinə təsir göstərir. Xüsusilə son dövrlərdə Rusiyanın raket və pilotsuz uçuş aparatları vasitəsilə Ukraynanın enerji infrastrukturu, sənaye obyektləri və hərbi-logistika mərkəzlərinə qarşı intensiv zərbələr endirdiyi müşahidə olunur. Bu şəraitdə Patriot, NASAMS və digər HHM sistemləri Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Sursat ehtiyatlarının azalması həmin sistemlərin effektivliyini zəiflədə, nəticədə bəzi bölgələrdə hava hücumlarına qarşı müdafiə imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, Patriot sistemlərinin istehsalı üçün lisenziyanın verilməməsi Ukraynanın uzunmüddətli müdafiə sənayesi strategiyasına mənfi təsir göstərir. Kiyev son iki ildə xarici silah tədarükündən asılılığı azaltmaq və müəyyən silah sistemlərinin yerli istehsalını təşkil etmək istiqamətində fəal siyasət yürüdür. ABŞ tərəfindən texnologiya transferi və istehsal lisenziyası verilmədiyi təqdirdə Ukrayna yenə də xarici təchizat zəncirindən asılı vəziyyətdə qalacaq. Bu isə xüsusilə Qərb ölkələrində siyasi dəyişikliklərin baş verdiyi dövrlərdə Kiyev üçün əlavə risk yaradır”.
Ekspert həmçinin bunu da qeyd edib ki, bütün bunlara baxmayaraq yaxın perspektivdə tərəflərdən hər hansı birinin həlledici hərbi üstünlük əldə etməsi ehtimalı hələ də aşağı olaraq qalır:
“Müharibə daha çox resursların tükəndirilməsi və uzunmüddətli qarşıdurma xarakterini qoruyur. Əgər ABŞ və Avropa ölkələrinin hərbi yardımları əvvəlki səviyyədə davam etsə, Ukrayna müdafiə qabiliyyətini saxlayacaq və cəbhə xəttində ciddi dəyişikliklər baş verməyəcək. Əksinə, HHM sistemləri və sursat təminatında davamlı problemlər yaranarsa, Rusiya hava zərbələrinin intensivliyini artıraraq Ukraynanın iqtisadi və hərbi potensialına daha böyük təzyiq göstərməyə çalışacaq. Ümumiyyətlə isə, Zelenskinin açıqlaması Ukraynanın Qərb dəstəyinə olan kritik asılılığını bir daha nümayiş etdirir. Müharibənin növbəti mərhələsində əsas amillərdən biri məhz ABŞ və Avropa ölkələrinin hərbi-siyasi iradəsinin hansı səviyyədə qalacağı olacaq. Bu iradənin zəifləməsi Rusiyanın mövqelərini gücləndirə, davam etməsi isə mövcud hərbi balansın qorunmasına şərait yarada bilər”.
Güllər Gülhüseynova