“Hindistan bazarı Azərbaycan şirkətləri üçün ciddi potensiala malikdir”
Azərbaycanın Hindistan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiya qoyuluşu son dövrdə 93 dəfə artıb. Rəsmi məlumatlara görə, bu addım iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir və həm enerji, həm də digər sektorlar üzrə tərəfdaşlıq imkanlarını genişləndirir.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Hindistan bazarı Azərbaycan şirkətləri üçün ciddi potensiala malikdir:
“Hindistan böyük bazardır və Azərbaycan üçün çox perspektivlidir. Hətta indiyə qədər ölkəmizin bu bazarda mövqeyi çox zəif olub, real potensial indiyə qədər tam istifadə edilməyib. Hindistanın iqtisadi böyüməsi sürətlidir və bu, bütün sektorlarda yeni imkanlar açır: istehsal, xidmət, maliyyə, infrastruktur və enerji sahələrində. Azərbaycanın şirkətləri burada rəqabət qabiliyyətlərini sınaqdan keçirə bilər. Əmək xərcləri, kommunal xidmətlər, enerji qiymətləri nisbətən aşağıdır. Bu xüsusilə istehsal sahəsində ciddi üstünlük yaradır. Üstəlik, dil baryeri çox ciddi problem deyil, ingilis dili geniş yayılıb. Hindistan hökuməti xarici investisiyaları cəlb etmək üçün müxtəlif stimullar təqdim edir. Orada formalaşmış maliyyə və logistika infrastrukturu, nəqliyyat imkanları və ixrac üçün zəruri şəbəkələr Azərbaycan şirkətləri üçün əlverişlidir. Coğrafi baxımdan da Hindistan Azərbaycan üçün uzaq deyil, istehsal olunan mallar bir çox istiqamətə rahat göndərilə bilər. Bu artım hələlik sadəcə başlanğıcdır və iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımlar atıla bilər. İki ölkə həm dövlət, həm də özəl sektor səviyyəsində əməkdaşlıq imkanlarını genişləndirə bilər. Azərbaycanın Hindistana ixrac edə biləcəyi məhsullar arasında neft məhsulları, texnologiya və innovasiya sahələrində mallar var. Hindistan isə Azərbaycan bazarına xam neft, texnologiya və yüksək texnologiyalı məhsullar təqdim edə bilər. Əsas məsələ budur ki, qarşılıqlı əməkdaşlıq daha ciddi layihələr və investisiya həcmləri ilə genişləndirilsin. Bu, həm Azərbaycan şirkətləri üçün yeni fürsət, həm də iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün vacib addımdır. Hindistan bazarına daxil olmaq yalnız investisiya həcmi ilə deyil, strateji mövqelərin əldə olunması baxımından da əhəmiyyətlidir və Azərbaycan şirkətlərinin gələcəkdə daha böyük layihələrdə iştirakı mümkündür”.
Ayşə Müzəfərli
