Hindistan daha çox yaşıl enerji istehsal edir-Onun böyük hissəsi isə israf edilir
Bu ilin isti iyul günlərindən birində bərpa olunan enerji mənbələrindən -günəş, külək, su və nüvə enerjisindən - əldə edilən elektrik qısa müddət ərzində Hindistanın pik elektrik tələbatının yarısından çoxunu təmin edib. Bu, belə halın yalnız ikinci dəfə baş verməsi idi. İlk dəfə bu, təxminən bir il əvvəl, eyni dövrdə baş vermişdi.
Günəş, külək, su və nüvə mənbələrindən əldə edilən elektrik enerjisinin kömürlə işləyən elektrik stansiyalarının istehsalını yalnız qısa müddət ərzində üstələməsinə baxmayaraq, bu hadisə son on ildə qeyri-fosil yanacaq mənbələrinin ölkənin elektrik enerjisi sistemində inanılmaz sürətlə artmasını göstərən mühüm bir mərhələ oldu.
Hindistanın ən böyük, Nasdaq-da siyahıya alınmış təmiz enerji şirkətlərindən biri olan ReNew Power şirkətinin baş direktoru Sumant Sinha BBC-yə deyib:“Bu, bərpa olunan enerjinin artıq enerji sisteminin kənarında qalan, əhəmiyyətsiz bir mənbə olmadığını göstərdi".
Bununla belə, kömürlə işləyən elektrik stansiyaları hələ də Hindistanın elektrik enerjisinin orta hesabla 70%-ni istehsal edir. Bunun səbəbi onların daha yüksək yüklənmə əmsalı ilə işləməsi, yəni günəş və külək enerjisi ilə müqayisədə daha uzun müddət fəaliyyət göstərməsidir. Buna baxmayaraq, ölkənin təmiz enerjiyə keçid istiqamətindəki səyləri mühüm dönüş nöqtəsinə çatmış kimi görünür.
On il əvvəl Hindistanın quraşdırılmış bərpa olunan enerji gücü cəmi 4 QVt (GW) civarında idi. Hazırda bu göstərici 300 QVt-a çatıb və ölkənin ümumi 552 QVt-lıq quraşdırılmış enerji gücünün 54%-ni təşkil edir. Bu hədəfə planlaşdırılandan beş il əvvəl nail olunub.
Uzun müddət kömürdən asılılığın nümunəvi göstəricisi kimi qəbul edilən bir ölkə üçün bu sürətli keçid elektrik şəbəkəsinin karbon emissiyalarının azaldılması baxımından diqqətəlayiq nailiyyət hesab olunur.
Lakin əldə olunan nəticələr ciddi problemlərlə də müşayiət olunur.
Səkinəbəyim Cəfərova
BBC