00:00:00
Yazar
Elmira Ağayeva
26.08.2026 21:22 64 3 dəq oxuma
Maraqlı

Hindistan su böhranına qarşı minilliklər əvvəlki üsullara qayıdır

Hindistan su böhranına qarşı minilliklər əvvəlki üsullara qayıdır

 

İqlim dəyişiklikləri və su qıtlığı Hindistanda icmaları əsrlər əvvəl inşa edilmiş ənənəvi su sistemlərini yenidən istifadəyə qaytarmağa vadar edir. Bir vaxtlar köhnəlmiş hesab olunan bu qurğular indi gələcəyin su böhranına qarşı effektiv həll yollarından biri kimi qiymətləndirilir.

Hindistanın Racastan ştatının Alvar şəhərində yerləşən Moosi Rani Sagar adlı qədim su quyusunda 2025-ci ildə 30 ildən artıq müddətdən sonra ilk dəfə su yolun kənarına qədər yüksəlib.

Təxminən 200 il əvvəl yaradılmış bu qurğu pilləli su quyusu – “stepwell” adlanan ənənəvi su anbarlarından biridir. İnsanlar suya pillələrlə enərək çata bilirlər.

2021-ci ilə qədər quyudakı suyun səviyyəsi qeyri-sabit və ciddi şəkildə çirkli olub. Bərpa işlərindən sonra isə vəziyyət dəyişib. Hazırda burada suyun dərinliyi 9 metrə qədər çatır, hətta ilin ən quraq aylarında belə səviyyə təxminən 6 metrdən aşağı düşmür.

Minilliklərin su təcrübəsi yenidən gündəmdə

Moosi Rani Sagar Hindistanda yenidən istifadəyə verilən yüzlərlə ənənəvi su sistemindən yalnız biridir.

Əsrlər boyu kənd ərazilərində istifadə olunan baori, johad, kund, tanka və nadi kimi müxtəlif qurğuların işləmə prinsipləri fərqli olsa da, əsas məqsədləri eyni idi: suyun axınını yavaşlatmaq və onun torpağa hopmasına imkan yaratmaq.

Ən diqqətçəkən nümunələrdən biri baorilər, yəni qədim pilləli quyulardır. Daşdan tikilən bu nəhəng yeraltı qurğular su laylarına qədər enən pillələrdən ibarətdir. Hindistanda VII əsrdən XIX əsrin ortalarına qədər minlərlə belə quyu inşa edilib. Onların bir çoxu uzun illər istifadəsiz qaldıqdan sonra yenidən bərpa olunur.

Niyə Hindistan qədim sistemlərə qayıdır?

Hindistan dünya əhalisinin təxminən 18 faizini təşkil etsə də, planetin şirin su ehtiyatlarının cəmi 4 faizinə sahibdir. Üstəlik, mövcud su ehtiyatlarının əhəmiyyətli hissəsi çirklənib.

Ölkə dünyada ən çox yeraltı su çıxaran dövlətlərdən biridir. Yeraltı sular kənd təsərrüfatının və içməli su təminatının əsas mənbələrindən sayılır və təxminən 1,4 milyard insanın həyatında mühüm rol oynayır.

Lakin bəzi ərazilərdə hər il çıxarılan suyun miqdarı yağıntılar hesabına yeraltı su ehtiyatlarına qayıdan sudan daha çoxdur.

İqlim dəyişiklikləri isə vəziyyəti daha da ağırlaşdırır. Temperatur yüksəldikcə torpaq daha sürətlə quruyur, yağıntılar isə daha intensiv xarakter alır. Nəticədə yağan suyun böyük hissəsi torpağa hopmadan səthdən axıb gedir.

Sadə üsul, böyük nəticə

Ənənəvi su sistemlərinin üstünlüyü onların suyu sadəcə toplamaqla kifayətlənməməsidir. Bu qurğular suyun torpağa süzülməsini sürətləndirərək yeraltı su ehtiyatlarının bərpasına kömək edir.

Məsələn, johad adlanan sadə, aypara formasında torpaq bəndləri musson yağışları zamanı yaranan suyu müəyyən müddət saxlayır. Bu isə suyun torpağa hopmasına və yeraltı su laylarının qidalanmasına şərait yaradır.

Alvar bölgəsində bu sistemlərin bərpası xüsusilə əhəmiyyətlidir. Britaniya müstəmləkəçiliyi dövründə meşələrin qırılması və mədən işləri nəticəsində bölgənin su hövzəsi sistemi ciddi şəkildə zədələnmişdi. Sonrakı illərdə yeraltı suların intensiv şəkildə quyular vasitəsilə çıxarılması problemi daha da dərinləşdirdi.

1980-ci illərin ortalarına doğru bəzi çayların quruması nəticəsində vəziyyət o həddə çatdı ki, hökumət bölgənin müəyyən hissələrini “qaranlıq zona” elan etdi. Bu termin yeraltı sulardan istifadənin onların təbii yolla bərpa olunma imkanlarını artıq keçdiyi ərazilərə aid edilirdi.

Bu gün isə həmin qədim sistemlər yenidən canlandırılır.

Hindistanın təcrübəsi göstərir ki, su böhranının həlli həmişə ən yeni texnologiyalarda olmaya bilər. Bəzən gələcəyin ən effektiv həlli əsrlər əvvəl torpağın altında qurulmuş sistemlərdə gizlənir.

 

Elmira Ağayeva

#Hindistan #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər