Hindistanın enerji seçimi
Hindistan ABŞ ilə sövdələşmələr üçün Rusiya neftindən imtina edir.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, Hindistan şirkətləri Rusiya nefti ilə sövdələşmələrdən yayınmağı davam etdirməyi planlaşdırırlar. Agentliyin mənbələrinə görə, bu addım Nyu-Dehlinin Vaşinqtonla ticarət razılaşmalarını əldə etməsinə kömək etmək məqsədi daşıyır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı uzunmüddətli sanksiyaları bir sıra ölkələri çətin iqtisadi vəziyyətə salıb:
“Xüsusilə, güclü iqtisadiyyata malik ölkələr üçün bu, real təhlükə hesab olunur. Açıq-aşkar olan bu qarşıdurmada “tərəfini seç, iqtisadiyyatını xilas et” kimi şüuraltı iqtisadi təzyiqlərə məruz qalınır. Məlumdur ki, qlobal iqtisadiyyatın yeni erasında ən güclü silah ölkə iqtisadiyyatını çökdürməkdir. Bir sözlə, qələmin gücü silahdan, müharibədən üstündür.
İllərdir Hindistanın Pakistan ilə davam edən münaqişə şəraiti onu bir növ güclünün arxasında dayanmağa sövq edir. Bundan əlavə, məlumdur ki, Hindistanın investorları əsasən ABŞ texnologiya şirkətlərinə yatırım edir, həmçinin Avropa ilə ticarət əməkdaşlığı çərçivəsindədirlər. Bank ödənişlərində gecikmələr və s. kimi hallar investorlar üçün çətin vəziyyət hesab olunur. Bu səbəbdən də həm ölkə iqtisadiyyatını qorumaq, həmçinin ABŞ kimi güclü ölkə ilə tərəfdaşlıq Hindistan iqtisadiyyatının maraq dairəsinə çevrilib”.
İqtisadçının sözlərinə görə, ticarət tərəfdaşlığının pozulması inflyasiyanı artıra bilər:
“Rusiya ilə Hindistan münasibətlərində isə, Hindistan enerjini Rusiyadan olduqca münasib qiymətə idxal edib. Ticarət tərəfdaşlığının pozulması qiymətlərə təsir göstərərək inflyasiya həddini yüksəldə bilər. Rusiya tərəfdən müzakirə etsək, ABŞ və Avropanın çağırışlarına məhəl qoymayan Çin Rusiyanın etibarlı ticarət tərəfdaşıdır.
Hindistanın bu siyasətinin Qərb ölkələri ilə ticarət əlaqələrinə təsiri baxımından Qərb investoru üçün risksiz gəlir və regionda sabitlik önəmlidir. Bundan əlavə, hətta düşünürəm ki, ucuz işçi qüvvəsinə görə bir çox böyük müəssisələr Hindistanda istehsalatlarını daşıya bilərlər. Çinlə rəqabətinə gəldikdə isə, bu, orta və uzun müddətdə hadisələrin gedişinə bağlı olaraq müşahidə edilə bilər”.
Zəri Bayramlı
