“Honkonq qripi” sürətlə yayılır
Ümumdünya Səhiyyə Təşkilatı A(H3N2) virusunun “Honkonq qripi”nin dünyada sürətlə yayıldığı ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislərin fikrincə, Şimal yarımkürəsində qış mövsümünün başlaması tənəffüs yolu infeksiyalarının, xüsusilə də qripə yoluxma hallarının artmasına şərait yaradır. Artıq bir sıra ölkələrdə qeydə alınan virus epidemioloji vəziyyətin diqqətdə saxlanılmasını zəruri edir. ÜST bildirir ki, hazırda yoluxma səviyyəsi gözlənilən həddə olsa da, mövcud dinamika ehtiyatlı olmağı tələb edir.
Mövzu ilə bağlı “İnfotmator.az”a müsahibəsində səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, Honkonq qripi hazırda fəsli qriplər sırasına daxildir:
“ÜST-nin yay aylarında tövsiyəsi ilə hazırlanan qripə qarşı peyvəndlərdə bu virus növbəti epidemik dövrdə sirkulyasiya edəcəyi proqnozlaşdırıldığı üçün nəzərə alınıb. Ona görə də peyvənd olunmuş şəxslər bu növ qripə yoluxduqda infeksiyanı asimptomatik və ya daha yüngül kecirəcək, fəsadlar əsasən baş verməyəcək. Onun törətdiyi klinik əlamətlər digər qrip ştamlarından əsaslı fərqlənmir. Hazırda bir çox ölkələrdə yayılan bu virus ştamına yoluxan insanlarda yüksək hərarət, güclü baş, oynaq və əzələ ağrıları, ümumi zəiflik, halsızlıq kimi ifadəli intoksikasiya əlamətləri, boğazda ağrı, qaşınma hissi, quru öskürək və s. kimi yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri müşahidə olunur. Bu virus müqayisədə sələflərindən daha sürətlə yayılır, əsasən risk qrupuna daxil olan insanlar arasında ağır, fəsadlaşma və nadir də olsa əlverişsiz nəticələrlə özünü göstərir. Yuxarıda qeyd olunan əlamətləri olan şəxslər tibb müəssisələrinə müraciət etdikdə onlardan yaxma götürülərək xüsusi laboratoriyaya göndərilir. Aparılan laborator tədqiqatlar hazırda ölkədə Honkonq qripinin yayılmasını təsdiq etməyib. Qripin yayılma pikinin dekabr-fevral ayları olduğu nəzərə alınaraq qrip infeksiyasının monitorinqi davam etdirilir”.
Ədilə Hüseynzadə
