Hörmüz boğazı: Yeni reallıqda Azərbaycanın rolu daha da strateji xarakter alır
Yaxın Şərqdə ABŞ–İran gərginliyinin kəskinləşməsi fonunda Hörmüz boğazı yenidən qlobal diqqət mərkəzinə çevrilib. Dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan bu strateji keçid məntəqəsində yaranan risklər beynəlxalq bazarlara birbaşa təsir göstərir. Neft və qaz tədarükünün böyük hissəsinin məhz bu marşrutdan asılı olması vəziyyətin həssaslığını daha da artırır. Bu yeni reallıq şəraitində enerji marşrutlarının təhlükəsizliyi və alternativlərin axtarışı xüsusi aktuallıq qazanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kamran Həsənli bildirib ki, Hörmüz boğazındakı gərginlik Azərbaycanın enerji və tranzit dəhlizi kimi əhəmiyyətini artırır:
“Çünki Avropa və digər bazarlar enerji tədarükündə daha təhlükəsiz və sabit marşrutlara üstünlük verməyə başlayır. Azərbaycan isə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələrlə alternativ enerji və logistika mərkəzi kimi ön plana çıxır.
Bu vəziyyət ölkənin həm geosiyasi çəkisini, həm də iqtisadi gəlirlərini artırmaq potensialına malikdir. İranın Hörmüz boğazına təsir imkanları regionda strateji balansı həssas vəziyyətdə saxlayır. Tehran boğazdan təzyiq vasitəsi kimi istifadə etdikcə, Qərb və regional güclər alternativ tərəfdaşlara daha çox ehtiyac duyurlar.
Bu fonda Azərbaycan balanslı xarici siyasəti və etibarlı enerji tərəfdaşı imici ilə fərqlənir. Lakin gərginliyin artması regionda təhlükəsizlik risklərini də yüksəldə bilər. Bu isə Azərbaycanın ehtiyatlı diplomatik xətt yürütməsini zəruri edir.
Alternativ enerji marşrutlarının inkişafı Azərbaycan üçün yeni ixrac imkanları və strateji tərəfdaşlıqlar yaradır. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın rolu daha da əhəmiyyətli görünür.
Bununla yanaşı, rəqabətin artması və yeni marşrutların meydana çıxması bazarda üstünlük uğrunda mübarizəni gücləndirə bilər. Buna görə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də regional enerji və logistika habı kimi mövqeyini daha da möhkəmləndirməyə çalışmalıdır”.
Ədilə Hüseynzadə