Hörmüz boğazı yenidən dünya gündəmində
ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazından gəmilərin keçidi üçün ödəniş sistemi yaratmaq cəhdlərinə görə cəza tədbirləri görəcək.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent X hesabında paylaşım edib.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki,ABŞ Maliyyə Nazirliyinin Hörmüz boğazından keçid üçün ödəniş sistemi yaradılması cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirməsi qlobal enerji bazarları baxımından mühüm hadisədir:
“Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və burada hər hansı əlavə ödəniş mexanizminin tətbiqi nəqliyyat xərclərinin artmasına, sığorta haqlarının yüksəlməsinə və nəticə etibarilə neftin dünya qiymətlərinə təzyiq göstərməsinə səbəb ola bilər. İqtisadi baxımdan, bazarlar təkcə faktiki xərclərə deyil, həm də risk gözləntilərinə reaksiya verir. Bu səbəbdən keçid haqqının tətbiqi ilə bağlı müzakirələrin özü belə neft qiymətlərində əlavə risk mükafatı formalaşdıra bilər. Xüsusilə enerji idxalından asılı olan ölkələr üçün bu, inflyasiya təzyiqlərinin güclənməsi və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artması deməkdir. ABŞ-nin bu təşəbbüsə qarşı çıxması qlobal enerji təchizat zəncirinin sabitliyini qorumaq məqsədi daşısa da, eyni zamanda İranla iqtisadi və siyasi gərginliyin daha da artmasına səbəb ola bilər. Vaşinqtonun mümkün sanksiya addımları İranın tranzit gəlirləri əldə etmək imkanlarını məhdudlaşdıracaq, bu isə tərəflər arasında qarşıdurmanın yeni mərhələyə keçməsi riskini artıracaq.Hazırkı mərhələdə bazarlar hadisələrin inkişafını diqqətlə izləyir. Əgər gərginlik diplomatik yollarla həll olunmazsa, yaxın aylarda neft bazarında qiymət dəyişkənliyinin artması və enerji daşıyıcılarının bahalaşması ehtimalı yüksək olaraq qalır”.
Nuray Əliyeva