Hörmüz boğazında birgə nəzarət: ABŞ-nin geosiyasi maraqları və İranla mümkün ziddiyyətlər
Donald Tramp Hörmüz boğazının idarə olunmasını İranla birgə həyata keçirməyi təklif edib. O, bunun təhlükəsizliyi təmin etmək və keçidə nəzarəti gücləndirmək üçün yaxşı ideya olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İranla şərik olmaq istəyir:
“Məlumdur ki, atəşkəs haqqında razılaşma və danışıqların başlanması barədə İran, ABŞ və İsrail arasında razılaşma əldə olundu. Tramp onu da bəyan elədi ki, danışıqlar İranın təqdim etdiyi şərtlər əsasında aparılacaq. İran 10 şərt irəli sürüb və demək olar ki, bunların heç biri qəbul ediləcək şərtlər deyil, həmçinin bunlardan biri də İranın Hörmüz boğazına strateji nəzarət hüququdur. Təbiidir ki, ABŞ nə bu tələblə razılaşa bilər, nə də İranın digər tələbləri ilə razılaşa bilməz.
Görünür Trampın Hörmüz boğazına nəzarət etmək - birgə nəzarət etmək təklifi də heç olmasa bir bənddə hansısa razılığa gəlmək cəhdidir. Hər şeyə qazanc gözündən baxan ABŞ-nin prezidenti burada da hiss eləyir ki, nəsə qazanmaq mümkündür və İranla şərik olmaq istəyir. Məlumdur ki, İran hər barel neftə görə 1 dollar tələb eləyir. Bu da hardasa gündə 20 milyon dollar deməkdir. Ancaq Tramp bu işə qoşulandan sonra yəqin ki, məbləğ də artar.
Mən hesab eləmirəm ki, bu təşşəbbüs ABŞ-İran münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Çox güman ki, razılığa gələ bilməyəcəklər. Ancaq bütövlükdə götürəndə bu ABŞ-nin bir tərəfdən indiki prezidentinin hər şeydən qazanc götürmək cəhdinin növbəti nümunəsi kimi qiymətləndirilə bilər, digər tərəfdən təbiidir ki, bu ABŞ-nin geosiyasi maraqlarının gücləndirilməsi cəhdi kimi də dəyərləndirilə bilər. Ancaq çox güman ki, iki həftə ərzində razılığa gəlmək mümkün olmayacaq: ya danışıqlar uzanacaq, ya yenidən hərbi əməliyyatlar başlayacaq”.
Aydan Əsgərxanlı