Hörmüz boğazında gərginlik: ABŞ və NATO arasında çat dərinləşir?
ABŞ-nin müdafiə naziri Pit Heqset Hörmüz boğazında yaranan gərginlik fonunda müttəfiq ölkələrə kəskin mesaj ünvanlayıb. Vaşinqtonda keçirilən brifinqdə çıxış edən nazir bildirib ki, ABŞ bu strateji enerji marşrutundan birbaşa asılı olmasa da, boğaz həm Asiya, həm də Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a müsahibəsində politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, müdafiə nazirinin NATO müttəfiqləri barədə səsləndirdiyi fikirlər Vaşinqtonun mövcud durumdan qəzəbli olduğunu göstərir:
"NATO ölkələri İranla bağlı gərginlikdə və Hörmüz boğazı məsələsində ABŞ-yə gözlənilən dəstəyi vermədilər. Nazirin bu açıqlamaları NATO daxilində ciddi fikir ayrılıqlarının olduğunu və gələcəkdə yeni problemlərin yarana biləcəyini göstərir. NATO-nun ABŞ-lə birgə hərəkət etməməsi və Vaşinqtonun bu regionda faktiki olaraq tək qalması, hətta ABŞ-nin alyansdan çıxmaq ehtimalı barədə müzakirələri yenidən gündəmə gətirə bilər".
Politoloqun sözlərinə görə, Hörmüz boğazındakı qeyri-müəyyənlik qlobal bazarlara da təsirsiz ötüşmür:
"Boğazın bağlı qalması və ya blokada riski ABŞ-nin beynəlxalq iqtisadi siyasətinə və qlobal enerji zəncirinə mənfi təsir edir. Dünya üzrə neft tədarükünün təxminən 20%-i məhz bu marşrut vasitəsilə həyata keçirilir. Boğaz təkcə neft deyil, həm də kənd təsərrüfatı məhsullarının daşınması üçün mühüm dəhliz rolunu oynayır. Bu səbəbdən Asiya və Avropa ölkələri bu keçiddən birbaşa asılıdırlar".
Reyhan Quliyeva