“Hörmüz boğazının əhəmiyyətini azaltmaq İsrailin əsas hədəflərindəndir”-ŞƏRH
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, müharibədən sonra Hörmüz boğazı əvvəlki strateji əhəmiyyətini itirəcək. Onun sözlərinə görə, bölgədə baş verən dəyişikliklər beynəlxalq enerji və ticarət marşrutlarına da təsir göstərəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Netanyahunun söylədiyi fikirlər əslində İranın neft bazarındakı hegemoniyasına çətinliklər yaradır:
“Buna son qoymaq və İranın dəyərini azaltmaq məqsədi daşıyır. Amerika Birləşmiş Ştatlarına demək istəyir ki, Hörmüz ətrafında çox da İranla müzakirələr etməyin. Hörmüz boğazı öz aktuallığını itirəcək. Buradakı əsas məqsəd budur. Hörmüzün bundan sonra fəaliyyətini dayandırmağı düşünülmür, daha doğrusu öz əhəmiyyətini itirəcək. Çünki alternativ bir nəqliyyat qovşağı tapılmalıdır. Dünyada hazırda neft ehtiyatlarının təxminən 25-30%-i məhz Hörmüz vasitəsilə daşınır. Əgər neft daşımalarını həyata keçirmək üçün, alternativ tranzit yolu tapılmasa, o zaman Hörmüz öz aktuallığını qoruyub saxlayacaq. İstənilən formada bu İrana əlavə üstünlüklər verəcək ki, özünün təsir dairəsini Hörmüz üzərində qoruyub saxlaya bilsin.Hazırda böyük ehtimalla İsrailin istədiyi İrana qarşı əməliyyatların yenidən bərpa edilməsidir. Bu əməliyyatlar çərçivəsində İranın nüvə obyektlərinə yenidən zərbə endirilməsi, İranın nüvə silahı, nüvə enerjisi ehtiyatlarının tamamilə məhv edilməsidir. Netanyahunun çalışdığı əsas məsələ budur. Eyni zamanda İranın uzaqmənzilli raket proqramının tamamilə sıradan çıxarılması məsələsi aktualdır. Netanyahu buna çalışır ki, raket proqramı da sıradan çıxarılsın. Çünki bunu özü üçün böyük təhdid hesab edir. Buna görə Amerika Birləşmiş Ştatlarını bu şəkildə bəyanatlarla manipulyasiya edərək İrana qarşı əməliyyatlara razılıq verməyə çalışırlar”.
Nuray Əliyeva