“Hörmüz böhranı dünya enerji bazarını dəyişir”-EKSPERTDƏN ŞƏRH
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına nəzarətlə bağlı açıqlaması strateji əhəmiyyət daşıyan bu su yolunun yenidən beynəlxalq gündəmin mərkəzinə gəlməsinə səbəb olub. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi Hörmüz boğazında təhlükəsizliyin təmin olunması enerji bazarlarına və qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər.
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki,cari ilin fevralın 28-də ABŞ və İsrailin İran İslam Respublikasına hərbi müdaxiləsi qlobal enerji sistemini yeni bir mərhələyə daşıyıb:
“Bundan sonra nə baş verməsindən asılı olmayaraq müharibədən əvvəlki enerji sisteminin bərpası ehtimalı azdır. Bu neft və qaz axınında müvəqqəti bir pozuntu deyil. Enerjinin istehsalı, nəqli , təhlükəsizliyinin təmin edilməsi, qiymətləndirilməsi və geosiyasi güc vasitəsi kimi istifadəsi üsullarında köklü və davamlı dəyişiklikdir. Onilliklər ərzində Hörmüz boğazı sanki qlobal ümumi sərvətin bir hissəsi kimi fəaliyyət göstərirdi. Coğrafi mövqe İran və Omana məxsus olsa da , hərbi və təhlükəsizlik təminatını ABŞ verirdi. Fars körfəzi ölkələri öz ixracatlarını dar bir su yolu üzərində cəmləşdirə bilirdilər, çünki Vaşinqtonun həmin yolu açıq saxlamaq üçün həm hərbi imkanlara, həm də iradəyə malik olduğu güman edilirdi. Bu fərziyyə artıq alt-üst olub. Müharibənin gedişində İran Hörmüz boğazı üzərindəki nəzarəti əldən vermədən İsrail və ABŞ-nin hərbi təzyiqinin bütün ağırlığına tab gətirdi. Hətta dəniz nəqliyyatının hərəkəti nə vaxtsa bərpa olunsa belə, gəmi sahibləri , sığorta şirkətləri , istehsalçılar və hökumətlər artıq Hörmüz boğazına ABŞ-nin üstün hərbi gücü ilə qorunan və etibarlı şəkildə açıq qalan bir keçid kimi baxa bilməzlər. Fiziki coğrafiya dəyişməyib, lakin həmin coğrafiyanın siyasi əhəmiyyəti dəyişib”.
Zəfər Vəliyev həmçinin qeyd edib ki, Hörmüz boğazından keçən axınların müharibədən əvvəlki vəziyyətinə tam qayıtması ehtimalı çox azdır:
“Fars körfəzi istehsalçıları indi boğazdan asılılıqlarını azaltmaq üçün səylərini sürətləndirəcəklər.Səudiyyə Ərəbistanı , Birləşmiş Ərəb Əmirlikləri , İraq , Küveyt , Qətər kimi ölkələr əlavə boru kəmərləri , ixrac terminalları , neft anbarları və quru dəhlizləri inkişaf etdirəcəklər. Bu layihələr yalnız xam neftlə məhdudlaşmayacaq və Körfəz ölkələrində emal olunmuş neft məhsullarının , mayeləşdirilmiş təbii qazın (LNG), neft-kimya məhsullarının , gübrələrin , kükürdün beynəlxal bazarlara alternativ marşrutlarla daşınmasını da əhatə edəcək.Bu şaxələndirmə həm bahalı , həm də natamam olacaq. Coğrafiyanı mühəndis xidmətləri vasitəsilə dəyişmək mümkün deyil. Boru kəmərlərinin ötürmə qabiliyyəti məhduddur , onların inşası illərlə vaxt aparır , onlar siyasi baxımdan həssas ərazilərdən keçir və yeni hədəflər yaradır. Alternativ terminallar isə sadəcə bir həssas nöqtəni digəri ilə əvəz edir. Bununla belə , strateji hədəf artıq maksimum səmərəlilik deyil , əvəzləyici imkanların mövcudluğu , seçim sərbəstliyi olacaq. Bu dəyişiklik qlobal enerji sistemini daha bahalı edəcək. Yaxın Şərqin siyasi nizamı da köklü dəyişəcək. Müharibənin gedişində İran özünü regional güc kimi təsdiqlədi. Buna səbəb onun ABŞ-ni konvensional müharibədə məğlub etməsi deyil , əksinə, Amerika hərbi üstünlüyünün arzulanan siyasi nəticəni əldə etməyə məcbur edə bilməyəcəyini nümayiş etdirməsi olub. ABŞ-nin qlobal dəniz hegomonluğu təhdid altına düşüb.Tehran göstərdi ki, coğrafi mövqe üzərində nəzarət, raket potensialı, regional müttəfiqlər və enerji infrastrukturunu təhdid etmək bacarığı konvensional hərbi güc sahəsindəki nəhəng fərqləri kompensasiya edə bilər. Körfəz müharibəsi göstərdi ki , qlobal neft bazarlarına İran qədər nüfuz edəcək ikinci bir dövlət yoxdur. İran Fars Körfəzində hasil edilən hər bir barelə nəzarət etməyə bilər. Amma hərbi münaqişənin gedişi göstərdi ki , o regionda hasil edilən neftin çox hissəsinin hərəkət edib-etmədiyini və hansı şərtlərlə hərəkət etdiyini müəyyən edə bilər. Ona görə də Hörmüz boğazının gələcək fəaliyyəti ilə bağlı Omanla aparılan danışıqlarda boğaza girişə İranın , boğazdan çıxışa Omanın nəzarət etməsini təkid edir və edəcək”.
Ekspert bildirib ki, Körfəz ölkələri hələ də silah və təhlükəsizlik baxımından ABŞ-yə güvənəcəklər:
“Lakin onlar Vaşinqtonun enerji sistemlərini qoruya biləcəyini və ya dəniz ticarətinə zəmanət verə biləcəyini düşünməyə daha az hazır olacaqlar.Tədarük zəncirinin bir neçə dəfə uzanması , emal güclərinin gündəlik xammalla yüklənməsində yaranmış problemlər , satış bazarları ilə emal gücləri arasında məsafənin bir neçə dəfə artması , emal gücləri problemi , ehtiyatlatın durmadan azalması
nefti qlobal bazarlarda bir neçə funksiyanın icrasına vadar edəcək. Bu mənada yaxın perspektivdə neft qiymətləri yüksək olaraq qalacaq. Yüksək neft qiymətlərindən yararlanan ölkələrdən biri də, Azərbaycan olacaq”.
Nuray Əliyeva