Tibb işçilərinə dövlət qayğısı: Fərqli yanaşma müzakirə olunur
Tibb işçilərinin əməkhaqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət qayğısının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Lakin yeni maaş artımı mexanizminin yalnız müəyyən tibb müəssisələrini əhatə etməsi məsələyə fərqli yanaşma tələb edir.
Bildirilir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları artırılır. Bununla yanaşı, ölkədə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən çoxsaylı tibb müəssisələri də mövcuddur. Xüsusilə aparıcı tibb müəssisələri, elmi-tədqiqat institutları və məhkəmə-tibbi ekspertiza strukturlarında çalışan mütəxəssislər tibbi fəaliyyətlə yanaşı, elmi-tədqiqat və ekspertiza işləri də həyata keçirirlər.
Mövzu ilə bağlı həkim-professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, maaş artımının bütün tibb sistemi üzrə tətbiq edilməsi daha məqsədəuyğun olardı:
“Maaş artımı, eləcə də digər sosial və kommunal güzəştlər sosial müdafiənin mühüm forması kimi təqdir oluna bilər. Lakin burada söhbət fərqli münasibətdən gedir. Elan edilir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin maaşları artırılır. Amma biz bilirik ki, xeyli sayda tibb işçisi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində də çalışır.
Xüsusilə bunların arasında aparıcı tibb müəssisələri, elmi-tədqiqat institutları, eləcə də məhkəmə-tibbi ekspertiza strukturları var. Bu müəssisələrdə çalışan mütəxəssislər yalnız həkimlik fəaliyyəti ilə deyil, eyni zamanda ciddi elmi-tədqiqat və ekspertiza işləri ilə də məşğul olurlar.
Ona görə də hesab edirəm ki, maaş artımı bütün tibb sistemi üzrə həyata keçirilsə, daha məqsədəuyğun olar. Elan edilir ki, 70 mindən çox insanın əməkhaqqının artırılmasından söhbət gedir. Lakin Azərbaycanda təxminən 34 min həkim var. Bu baxımdan 70 mindən çox şəxsin hansı kateqoriyanı əhatə etdiyi də tam aydın deyil”.
Həkim-professor hesab edir ki, tibb işçilərinə münasibətdə fərqli yanaşmanın tətbiq olunması doğru deyil:
“Biz sosial müdafiə tədbirlərini hər zaman alqışlamışıq. Amma tibb işçilərinə münasibətdə fərqli yanaşma olmamalıdır. Onların harada işləməsindən, hansı dövlət qurumunun tabeliyində fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün tibb işçiləri eyni məqsədə – cəmiyyətin sağlamlığının qorunmasına xidmət edirlər.
Ona görə hesab edirəm ki, əsas məqsəd bütün tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi olmalıdır. Bundan əlavə, tibb işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə də baxılması məqsədəuyğun olardı. Əslində, bu, həkimlərə və bütövlükdə tibb işçilərinə dövlət tərəfindən göstərilən münasibətin mühüm ifadələrindən biri ola bilərdi”.
Süsən Mərdalıqızı