İsveçdən hərbi gücünü artıran addım: HIMARS sistemləri alınır
İsveçin 10 ədəd HIMARS reaktiv artilleriya sistemi almaq qərarı ölkənin müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir. Təxminən 7 milyard kron dəyərində olan tədarükün 2027-ci ildən etibarən həyata keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, HIMARS sistemlərinin alınması İsveçin NATO üzvlüyündən sonra müdafiə siyasətində baş verən dəyişikliklərin mühüm göstəricisidir.
Politoloqun sözlərinə görə, bu tədarük yalnız İsveç ordusunun arsenalının genişləndirilməsi deyil, həm də uzaqmənzilli və dəqiq atəş imkanlarının artırılması baxımından əhəmiyyətlidir:
“İsveçin HIMARS sistemlərini əldə etməsi yalnız ordunun arsenalının yeni silahlarla zənginləşdirilməsi kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd ordunun uzaqmənzilli və dəqiq atəş imkanlarının gücləndirilməsidir. HIMARS sistemləri yüksək mobilliyi və müxtəlif idarəolunan raketlərdən istifadə imkanları ilə İsveçin müdafiə qabiliyyətinə əlavə üstünlüklər qazandıra bilər”.
Rəşad Bayramov qeyd edib ki, İsveçin 2024-cü ildə NATO-ya üzv olması ölkənin hərbi planlaşdırmasına da ciddi təsir göstərib. Onun fikrincə, Stokholm bundan sonra müdafiə siyasətini yalnız milli təhlükəsizlik çərçivəsində deyil, Alyansın kollektiv müdafiə strategiyası ilə daha sıx şəkildə uzlaşdırır.
“HIMARS kimi NATO ölkələrində geniş istifadə olunan sistemlərin alınması həm texniki, həm də əməliyyat baxımından müttəfiqlərlə uyğunluğu artırır”, – deyə politoloq bildirib.
Ekspert İsveçin Finlandiya ilə raket artilleriyası sahəsində əməkdaşlığının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin müdafiə sahəsində əməkdaşlığının dərinləşməsi Şimali Avropada vahid təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.
“HIMARS sistemlərinin əldə olunması da bu əməkdaşlığın bir hissəsi kimi qiymətləndirilə bilər. Xüsusilə Baltik dənizi və Şimali Avropa istiqamətində NATO-nun atəş və müdafiə imkanlarının koordinasiyası baxımından bu cür sistemlər əhəmiyyətlidir”, – Rəşad Bayramov əlavə edib.
Politoloq hesab edir ki, İsveçin uzaqmənzilli atəş imkanlarını artırması Baltik regionunda hərbi balans baxımından da yeni vəziyyət yarada bilər. Onun fikrincə, ölkənin coğrafi mövqeyi nəzərə alındıqda, mobil və uzaqmənzilli sistemlərin əldə olunması Rusiyanın regiondakı hərbi planlaşdırmasında nəzərə almalı olduğu əlavə amilə çevrilir.
“Bu, birbaşa qarşıdurma anlamına gəlmir, lakin NATO-nun Şimal və Baltik cinahlarında çəkindirmə imkanlarının güclənməsi baxımından mühüm addımdır”, – deyə ekspert vurğulayıb.
Rəşad Bayramovun sözlərinə görə, İsveçin son dövrdə hava hücumundan müdafiə və digər hərbi istiqamətlərə yatırımları ölkənin uzunmüddətli müdafiə strategiyasını formalaşdırdığını göstərir. HIMARS tədarükü də bu strategiyanın ayrı-ayrı silah sistemlərinin alınmasından daha geniş xarakter daşıdığını nümayiş etdirir.
“İsveç öz müdafiə imkanlarını kompleks şəkildə gücləndirir. HIMARS tədarükü də bu siyasətin mühüm elementlərindən biridir və gələcəkdə İsveçin NATO-nun Şimali Avropadakı kollektiv müdafiə imkanlarına daha böyük töhfə verməsinə şərait yarada bilər”, – politoloq qeyd edib.
Süsən Mərdalıqızı