“Hər bir yarışın əsasında sağlam psixoloji vəziyyət dayanır”
Cəmiyyətdə çoxları düşünür ki, idmançılar yarışa yalnız fiziki güclə hazırlaşırlar. Amma hər startdan əvvəl yaşanan həyəcan, məsuliyyət yükü və uduzmaq qorxusu onların görünməyən ən böyük rəqibi olur. Bəziləri bu gərginliyi motivasiyaya çevirir, bəziləri isə məğlubiyyətdən sonra özünü toparlamağa çalışaraq növbəti yarışa daha hazırlıqlı çıxır. Elə buna görə də yarışın nəticəsi təkcə gücdən deyil, idmançının psixoloji dayanıqlılığından da asılıdır.
Məhz "İnformator.az" xəbər portalı olaraq bu mövzunu aydınlaşdırdıq.
Saytımıza müsahibə verən idmançı Mehdi Nəsirov da yarışdan əvvəl böyük stresslər yaşayan şəxslərdəndir:
"Hər start öncəsi müəyyən həyəcan yaşayıram və bu, artıq idman fəaliyyətimin təbii bir hissəsinə çevrilib. Həyəcanın əsas səbəbi üzərimdə hiss etdiyim böyük məsuliyyətdir. Bu hissin hansı istiqamətdə davam edəcəyi isə özlüyündə əlavə gərginlik yaradır. Bütün idmançılarda olduğu kimi, məndə də məğlubiyyət qorxusu var. Lakin zaman keçdikcə bu qorxu motivasiyaya çevrilir və insanı daha diqqətli edir. Yarışda uduzduqdan sonra bir müddət toparlanmaq lazım gəlir, amma məğlubiyyət məndə növbəti yarışlara daha ciddi hazırlaşmaq və daha məsuliyyətli davranmaq duyğusunu gücləndirir",-deyə o vurğulayıb.
Digər idmançı Ramal Abbasov da öz təcrübəsindəki olaylardan çıxardığı nəticələri bizimlə bölüşüb:
"Bəli, hər yarışdan əvvəl müəyyən dərəcədə stress olur. Bunun əsas səbəbi həm özümə, həm də komanda yoldaşlarıma qarşı daşıdığım məsuliyyətdir. Çünki hər yarış nəticə deməkdir və idmançı bu nəticənin ağırlığını hiss edir. Uduzmaq qorxusu da var, lakin təcrübə artdıqca bu qorxu motivasiyaya, daha doğrusu məsuliyyət hissinə çevrilir. Məğlubiyyət ilk anda ağır təsir edir, amma bir müddət sonra prosesi təhlil edir, çatışmayan məqamları müəyyənləşdirirəm. Psixoloji təsir məğlubiyyətin xarakterindən asılı olaraq dəyişir. Bəzən motivasiyanı artırır, bəzən də qısa müddətlik özünəinamı zəiflədir. Bununla belə, hər uğursuzluğu gələcək uğurların başlanğıcı hesab edirəm və bütün nəticələrə balanslı yanaşıram",-deyə o qeyd edib.
Məsələ ilə bağlı Mütəxəssisə də müraciət etdik.
“Cəmiyyətin, elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə stressdən qaçmaq mümkün deyil.”
Bu sözləri İnformator.az-a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib.
Psixoloqun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə insanların psixoloji yükü də artır:
“İnkişaf artdıqca stressli situasiyalar da çoxalır. Hər kəs bu halları öz xarakterinə uyğun şəkildə yaşayır: özgüvənli insanlar gərginliyi daha rahat idarə edir, planlı insanlar isə daha fərqli reaksiya göstərirlər. Fiziki aktivliyi yüksək olanlarda isə vəziyyət bir qədər ağır ola bilər. Məsələn, idmançılar daim məşq etdikləri və kifayət qədər istirahət etmədikləri üçün tükənmişlik sindromuna daha tez düşürlər. Yarışqabağı motivasiyanın azalması, depressiv hallar performansa mənfi təsir göstərir. Buna görə də idmançılar ən azı iki ay öncədən psixoloji durumlarını qaydaya salmalıdırlar".
Aynur İsmayılova idmanda uğurun əsas amilinin sağlam psixoloji vəziyyət olduğunu vurğulayıb:
“Hər yarışın başlanğıc nöqtəsində idmançının psixoloji sabitliyi dayanır. Əgər biri yarışa stresssiz, ruhən güclü şəkildə daxil olursa, qalib gəlmək ehtimalı xeyli yüksəlir,” - deyə o, sözlərini yekunlaşdırıb.
Amin Cavayev
