“Hər iki ölkənin bir-birindən öyrənəcəyi çox şey var”
Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq kənd təsərrüfatını regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevirib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasınfa bildirib ki, Türkiyənin aqrar sahədə böyük təcrübəyə malik olması bu təcrübənin Azərbaycanla bölüşülməsini və iki ölkənin məhsullarının birgə şəkildə xarici bazarlara çıxarılmasını faydalı edir:
“Türkiyə dünyada aqrar məhsulların istehsalı baxımından öncül ölkələrdən biridir və aqrar sahədə ixracın həcmi olduqca böyükdür. Buna görə də Türkiyənin bu sahədəki təcrübəsindən istifadə etmək Azərbaycan üçün faydalıdır. Məsələn, Türkiyənin təkcə Antalya bölgəsinin aqrar məhsul ixracı Azərbaycanın ümumi ixrac səviyyəsinə yaxındır. Hər iki ölkənin bir-birindən öyrənəcəyi çox şey var: yeni texnologiyalar, müasir yanaşmalar və innovativ üsullar. Eyni zamanda, bazarlara çıxış imkanları üzərində düşünmək vacibdir, çünki bu sahədə Türkiyənin təcrübəsi daha genişdir. Buna uyğun olaraq, Azərbaycan və Türkiyə məhsullarının xarici bazarlara birgə çıxarılması yolları araşdırılmalıdır. Mən əminəm ki, Türkiyə ilə Azərbaycan arasında qurulacaq belə əməkdaşlıq hər iki ölkəyə əlavə faydalar gətirəcəkdir”.
Fidan Alışova
