00:00:00
Yazar
Admin User
16.12.2025 17:43 164 5 dəq oxuma
Sosial

Hər il yeni test kitabları

Hər il yeni test kitabları

Hər il yeni tədris mövsümü ərəfəsində test kitabları bazarında canlanma müşahidə olunur. Nəşriyyatlar müxtəlif fənlər üzrə yenilənmiş və genişləndirilmiş versiyalarını satışa çıxarır. Mağazalarda bu kitabları almağa gələn abituriyentlərin və şagirdlərin sayı artır. Bəzi valideynlər daha uyğun variant tapmaq üçün bir neçə kitab üzərində müqayisə aparır. Satıcılar isə xüsusilə payız və qış aylarında tələbatın daha çox yüksəldiyini bildirirlər. Yeni nəşrlərin ardıcıl şəkildə çıxması mövzunu hər il gündəmə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan abituriyent Könül Şirinova qeyd edib ki, hər il yeni test kitablarının nəşr olunmasının həm müsbət, həm də mənfi tərəfləri var bizim üçün:

 

“Müsbət cəhəti ondan ibarətdir ki, yeni testlər köhnə sualların əzbərlənməsinin qarşısını alır. Daha  çox fərqli və çətin suallarla qarşılaşırıq, bu da bizim həm çətin, həm də asan testlərə alışmağımıza kömək edir. Yeni testlərdə sualların təkrarlanmaması və daha çox anlama üzərində qurulması da müsbət haldır. Çünki mövzunu anlayaraq işləyən şagird imtahanda bildiyini daha rahat xatırlaya bilir, təkcə əzbərə əsaslanan bilik isə tez unudula bilər. Amma bu vəziyyətin mənfi tərəfləri də az deyil. İlk növbədə, hər il yeni test kitabları almaq maddi baxımdan ailələrimiz üçün çətinlik yaradır. Bundan əlavə, bəzi yeni test kitablarında cavab açarlarının böyük bir hissəsi səhv olur. Bu isə bizim çaşmağımıza və düzgün cavabı tapa bilməməyimizə səbəb olur. Hətta bəzən yeni adı ilə satılan test kitablarının köhnə versiyadan demək olar ki, heç bir fərqi olmur və bu zaman xərclənən pul da boşa gedir”.

 

Mövzu ilə bağlı “İnformator.az”a coğrafiya müəllimi Nigar Quliyeva danışıb:

 

“Yeni test kitabları mövzusunda mən öz abituriyent dövrümlə indiki dövrü müqayisə etmək istəyirəm. Mən abituriyent olduğum vaxtlarda nə test kitabları çox idi, nə də əlavə tədris vəsaitləri. Əsasən məktəb dərsliklərinə əsaslanırdıq. Tədris vəsaiti olaraq da “Hədəf”, “Araz” kimi bir-iki alternativ var idi və başqa seçim yox idi. Məcbur qalırdıq elə onlardan oxuyaq. Bu da bir tərəfdən daha rahat idi, çünki bilirdik ki, həmin vəsaitləri oxusaq və istiqamətləndirilmiş şəkildə hazırlaşsaq, daha uğurlu nəticə əldə edə bilərik. İndiki dövrdə isə vəziyyət tam fərqlidir. Şagirdlərin qarşısında çox böyük seçim var. Məktəb dərslikləri yenilənib, mövzular hissələrə bölünüb. Bu mövzuları bir yerə toplamaq, şagirdə həmin kitabların hamısını oxutdurmaq və effektiv şəkildə hazırlaşdırmaq çətinlik yaradır. Bununla yanaşı, tədris vəsaitləri də yenilənib, abituriyentlər üçün test topluları da xeyli artıb. Hazırda demək olar ki, hər müəllif yeni bir kitab və ya test toplusu çıxarmağa çalışır. Müəlliflərin sayı çoxdur, test topluları da çoxdur. Belə olan halda şagirdlər seçim qarşısında qalırlar. Bunun həm müsbət, həm də mənfi tərəfləri var.

 

Müsbət tərəfi odur ki, alternativlər çoxdur. Bir vəsait bəyənilməyəndə digərini seçmək mümkündür. Şagird özü hazırlaşanda da bəyənmədiyi kitabı kənara qoyub başqasını seçə bilər. Müəllim də hər hansı vəsaitin metodikasını bəyənmirsə və ya oradakı yanaşma ilə razı deyilsə, başqa bir vəsaitdən istifadə edə bilir. Həmçinin çox güclü şagirdlərlə işləyərkən əlavə vəsaitlərə ehtiyac yaranır və bu zaman müxtəlif kitablardan istifadə etmək faydalı olur. Mənfi tərəfi isə ondan ibarətdir ki, şagird çox sayda tədris vəsaiti ilə üz-üzə qalanda çaşır. Çalışqan şagird belə düşünə bilər ki, bir kitabı oxuyub, amma digərində nəsə əksik qalır, nəsə çatmır. Bütün kitabları birdən oxumaq isə mümkün deyil. Bu vəziyyət şagirddə motivasiya düşkünlüyü yarada, həvəsin azalmasına və hətta əks reaksiyaya səbəb ola bilər.

 

Bundan əlavə, əgər düzgün istiqamət verən yoxdursa, şagird kitab seçimi məsələsində də çətinlik çəkir. Eyni problem təcrübəsiz, yeni işə başlayan müəllimlər üçün də keçərlidir. Onlar hansı vəsaitdən istifadə etsələr, şagirdlərin imtahanda daha uğurlu nəticə əldə edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkə bilərlər”.

 

Mövzu ilə bağlı “İnformator.az”a təhsil eksperti Ramin Nurəliyev açıqlama edib:

 

 “Ümumiyyətlə test kitablarının hazırlanması və satışa çıxarılması qanunvericilik baxımından normal haldır. Hər bir vətəndaş bu sahədə müəyyən təcrübəyə və uyğun akademik göstəricilərə malikdirsə, öz test kitabını və ya test bankını hazırlayıb nəşr etdirə bilər. Bu istiqamətdə hər hansı qadağa və ya birbaşa müdaxilə yoxdur.

 

Lakin hazırda təhsil bazarında test kitablarının hazırlanması və satışı ilə mütəmadi məşğul olan şəxslərin sayı kifayət qədər çoxdur. Xüsusilə bəzi müəlliflərin eyni testləri bir qədər genişləndirərək, “yenilənmiş” adı altında tez-tez satışa çıxarması daha çox maddi qazanc məqsədi daşıyır. Dövlət İmtahan Mərkəzi isə hər 2–3 ildən bir test tapşırıqlarının formatında dəyişikliklər edir və yeni mövzulara uyğun testlər təqdim edir. Bu, abituriyentlərin qəbul imtahanlarında qarşılaşacaqları yeniliklərə uyğunlaşması baxımından başadüşüləndir. Problem daha çox ondan ibarətdir ki, əsas qurumlarla yanaşı, fərdi şəxslər və kurslar tərəfindən hazırlanan test kitabları da bazarda geniş yayılıb. Bəzi müəllimlərin bu kitabları şagirdlərə məcburi şəkildə aldırması istər orta ümumtəhsil məktəblərində, istərsə də repetitor hazırlığında ciddi narazılıqlara səbəb olur. Xüsusilə aşağı sinif şagirdləri üçün dərsliklərlə yanaşı çoxsaylı test kitablarının alınması onların çantalarının ağırlaşmasına gətirib çıxarır. Bu, həm şagird üçün fiziki çətinlik yaradır, həm də valideynləri əlavə problemlərlə üz-üzə qoyur. Bəzi valideynlər iş qrafikinə görə uşağı məktəbə aparıb-gətirməkdə çətinlik çəkir, əlavə olaraq nəqliyyat xərcləri ilə üzləşirlər. Bu məsələ valideynlər arasında ciddi narahatlıq doğurur. Siniflər üzrə test tapşırıqları üçün Elm və Təhsil Nazirliyinin, qəbul imtahanına hazırlıq üçün isə Dövlət İmtahan Mərkəzinin test banklarına üstünlük verilməlidir. Fərdi şəxslər və ya bəzi kurslar tərəfindən hazırlanan test kitablarına həddindən artıq etibar olunması məqsədəuyğun deyil.

 

Bundan əlavə, orta ümumtəhsil məktəblərində müəllimlərin şagirdlərə əlavə müəlliflərin kitablarını məcburi aldırması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Şagird məktəbdə oxuyursa, Elm və Təhsil Nazirliyinin dərslikləri və sinif testləri kifayət edir. Abituriyentlər üçün isə Dövlət İmtahan Mərkəzinin test bankları əsas və yetərlidir. Praktikada bir çox əlavə test kitabları alınsa da, onların bir qismi ümumiyyətlə istifadə olunmur və sadəcə şagirdin çantasında qalır. Bu isə həm maddi, həm də praktik baxımdan səmərəsizdir.

 

Nəticə etibarilə, ən effektiv yanaşma orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyinin təqdim etdiyi materiallardan, qəbul imtahanına hazırlıq mərhələsində isə Dövlət İmtahan Mərkəzinin test tapşırıqlarından istifadə edilməsidir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər