Əhvalınızı yaxşılaşdırmaq üçün 30 saniyəlik vərdişlər
Özünüzü yorğun, gərgin və həddindən artıq yüklənmiş hiss edirsinizsə, əhvalınızı yaxşılaşdırmaq üçün uzun müddət tələb edən fəaliyyətlərə ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, cəmi 20-30 saniyə davam edən sadə məşqlər stressi azaltmağa, diqqəti artırmağa və insanın özünü daha yaxşı hiss etməsinə kömək edə bilər.
Müasir dövrdə insanlar iş, təhsil və gündəlik qayğılar səbəbindən tez-tez stress yaşayırlar. Özünə qulluq üçün səhər tezdən oyanmaq, uzunmüddətli məşqlər etmək və ya mürəkkəb rutinlər yaratmaq isə hər kəs üçün əlçatan deyil. Bu səbəbdən qısa və asan tətbiq olunan mikropraktikalar gündəlik həyatın bir hissəsinə çevrilə bilər.
Gülüş yoqası
Gülüş yoqası yumor və ya zarafat olmadan gülüş yaratmağa əsaslanan məşqdir. Bu üsul nəfəs məşqləri ilə başlayır, daha sonra insan süni şəkildə gülməyə çalışır. Bir müddət sonra süni gülüş həqiqi gülüşə çevrilə bilər.
Tədqiqatçılar gülüş yoqasının insanın əhvalına və emosional vəziyyətinə təsirini araşdırıblar. Tədqiqatların ümumiləşdirilmiş nəticələri bu üsulun depressiya və narahatlıq əlamətlərinin azalmasına kömək edə biləcəyini göstərir. Bundan əlavə, gülüş insanın özünü daha rahat hiss etməsinə və başqaları ilə ünsiyyət qurmasını asanlaşdırmağa kömək edə bilər.
Texnika: Əvvəlcə üç dəfə dərindən nəfəs alın və əllərinizi qarnınızın üzərinə qoyun. Daha sonra «hi-hi-hi, ha-ha-ha» deyərək gülməyə başlayın. Gülüşünüzü tədricən artırın və məşqi dərin nəfəs almaqla tamamlayın. İstəsəniz, bunu dostunuz və ya ailə üzvünüzlə birlikdə də edə bilərsiniz.
Mikro yoqa
Uzun müddət kompüter və telefon qarşısında oturmaq boyun, çiyin və kürək nahiyəsində gərginlik yarada bilər. Xüsusilə günün böyük hissəsini ekran qarşısında keçirən insanlar üçün qısa dartınma hərəkətləri faydalıdır.
Mikro yoqa bədəni yüngül hərəkətlərlə rahatlaşdırmağa və insanın duruşuna diqqət yetirməsinə kömək edir. Araşdırmalardan birində hər 15 dəqiqədən bir 15-30 saniyəlik dartınma fasilələrinin məhsuldarlığı təxminən 15% artıra bildiyi qeyd olunub. Bununla belə, bu nəticə bütün insanlar və iş şəraitləri üçün eyni olmaya bilər.
Dartınma hərəkətlərini dərin nəfəs alma və diqqəti bədənə yönəltmə ilə birləşdirmək stressin azalmasına da kömək edə bilər.
Texnika: Barmaqlarınızı kürəyinizin arxasında birləşdirin. Nəfəs alarkən qollarınızı aşağıya doğru uzadın və sinənizi yavaşca qaldırın. Hərəkəti ağrı hiss etmədən yerinə yetirin və iki-üç dəfə sakit nəfəs alın. Gün ərzində uzun müddət oturduğunuz zaman bu cür qısa fasilələr verə bilərsiniz.
Arzum Ağazadə