Həyatının mənası sənin baxışlarında gizlənib... Fərahim Rza yazır
Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?
(Bəxtiyar Vahabzadə)
"Həyatın mənası nədir?" Hər kəs üçün bu sualın cavabı fərqlidir. Kiminə görə pul, kiminə görə sevgi və ya heç bir səbəb, istək olmadan kor-koranə yaşamaqdır... Bütün bunlarla birlikdə, məqsədi olan, onun uğrunda əmək sərf edən, səy göstərən, zəhmət çəkib o məqsədi ən gözəl şəkildə yerinə yetirən insanlar da var bu həyatda. Bəs onlar üçün həyatın mənası nədir?
Başlıqdakı sualın cavabını dahi şair Bəxtiyar Vahabzadə “Ömür” şeirində çox gözəl verib. Məqsəd uğrunda zəhmət çəkən insanlar üçün elə ən böyük məna zəhmətdir. Bəzən, istədiyimiz nəticəyə gedən yolda daş-kəsək çox olur, yıxılırıq, xəsarət alırıq. Lakin ən sonda yadımıza bir missiyamızın olduğu, sərf etdiyimiz vaxt, zəhmət düşür. Bax, onda aydınlanırsan. Bir-birindən maraqlı, heyrətamiz gözəllikləri ilə dolu olan bu həyatın nə demək olduğunu, nə əhəmiyyət daşıdığını anlayırsan, toparlanıb var gücünlə ayağa qalxırsan. Nəticədə, bacarırsan! O an yaşanılan sevinc bütün cərəyan edən prosesləri ən gözəl şəkildə başa düşməyə kömək edir.
Yaxud da bəziləri üçün həyatın mənası Vətəndir. Xarüqələr diyarı olan Azərbaycandır. Gözəllikləri ilə görənləri heyran edən Şuşa, Qarabağ, Qəbələ, İsmayıllı, Bakı, Bərdə, Xızı və adları 66 rayon, həmçinin, 11 şəhərin içində olan dilbər guşələrdir.
Bəlkə də ömrünü Vətən yolunda qurban vermiş, şəhadətə ucalmış Şəhidlər üçün həyatın mənası yaşamaq deyil, bu ali pilləyə ucalmaqdır, bir zamanlar addım atdıqları hər bir qarış torpaqda ruhlarının azad şəkildə diyar-diyar gəzməsidir, xalqın qəlbində taxt qurmasıdır.
Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır, demək,
Onun da həyatı yanmağındadır.
Son olaraq kiçik bir hekayəni bölüşmək istəyirəm :
Qədim zamanlarda bir gənc gecəsini gündüzünə qatıb həyatın mənasının nə olduğunu axtarırmış. Kəndləri, qəsəbələri dolaşır, ölkələri aşır və “sənin üçün həyatın mənası nədir” sualını önünə çıxan hər kəsə verir. Bir gün bir Qoca ilə salamlaşır və həyatın mənasının nə olduğunu onda soruşur. Qoca deyir ki, bu sualın cavabı onda var. Ancaq, gənc əvvəlcə gərək bir imtahandan keçsin. Oğlan qocanın şərti ilə razılaşır və imtahanın nə olduğunu soruşur. Qoca gəncə içi zeytun yağı ilə dolu bir qaşıq verir və deyir:
– Sınağımız çətin deyil. Bu qapıdan çıx və əlində bu dolu qaşıq ilə bağçada bir dövrə vurub, geri qayıt. Ancaq, diqqətli ol, qaşıqdan bir damcı əksilsə, sınağı uduzacaqsan.
Gənc diqqətini qaşıqda cəmləşdirərək bağçada dövrə vurub, geri qayıdır. Qoca qaşığa baxıb deyir:
– Təbrik edirəm, qaşıqda yağ azalmayıb. Yaxşı, de görüm bağçamı bəyəndin? Bu bağça mənim həyatdakı ən böyük uğurlarımdandır.
Oğlan pərt-pərt deyir:
– Gözüm qaşıqda olduğu üçün baxçanıza tamaşa edə bilmədim.
– Eybi yoxdur, – deyə qoca cavab verir. – İndi, əlində qaşıq yenidən bağçaya get, bir dövrə vur və yenidən geri qayıt.
Gənc geri qayıdır və gördüyü gözəlliklərin qarşısında heyrətlənir. Çünki, həyatındakı ən gözəl bağçanı görürdü. Geri qayıtdığı zaman qoca “hə, necədir, bağçamı bəyəndin?” deyə soruşanda, gənc ona həyatında belə gözəl bağça görmədiyini deyir və bu gözəlliyə imza atdığı üçün onu təbrik edir. Qoca gülümsəyərək oğlana əlindəki qaşığı işarət edir – qaşıq bom-boş idi – və deyir:
– Həyat sənin ona baxşınla öz mənasına tapır. Ya, sadəcə bir nöqtəyə fokuslanırsan və həyatın axıb getsə də sən onun fərqinə varmırsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatını yaşayırsan və axıb gedən vaxtın məna qazanır. Həyatının mənası sənin baxışlarında gizlənib.
Fərahim Rzazadə
