İdman zalına getmədən də fiziki aktivliyi artırmaq mümkündür
Gündəlik kiçik hərəkətlər sağlamlığa müsbət təsir göstərir. Gün ərzində uzun müddət oturmaq ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskini artıra bilər. Lakin fiziki aktivliyi artırmaq üçün mütləq idman zalına getmək və ya xüsusi məşqlərə vaxt ayırmaq tələb olunmur. BBC-nin araşdırmasına görə, gündəlik həyatın bir hissəsi olan kiçik hərəkətlər belə sağlamlığın qorunmasına kömək edə bilər.
BBC Future nəşrində dərc olunan məqalədə bildirilir ki, ayaqları hərəkət etdirmək, pilləkənlə qalxmaq, ev işləri görmək və ya qısa məsafələri piyada qət etmək fiziki aktivliyin artırılmasının sadə yollarındandır.
Mütəxəssislər bu cür hərəkətləri məqsədli idmandan kənar fiziki aktivlik kimi xarakterizə edirlər. Bu fəaliyyətlərə oturarkən ayaqları tərpətmək, bədənin vəziyyətini dəyişmək, çiyinləri hərəkət etdirmək və ayaqları büküb-açmaq da daxildir.
Tədqiqatlardan birində ayaqları müntəzəm şəkildə hərəkət etdirməyin hərəkətsiz oturma ilə müqayisədə enerji sərfiyyatını təxminən 16 faiz artırdığı müəyyən edilib.
Məqalədə diqqət çəkən digər məqamlardan biri də gündə cəmi bir neçə dəqiqəlik aktivliyin əhəmiyyətidir. 2024-cü ildə 22 mindən çox insanın məlumatları əsasında aparılan araşdırmada iştirakçılar səkkiz il ərzində izlənilib. Nəticələr göstərib ki, gün ərzində qısa müddətli hərəkətlərin artırılması uzun müddət oturmağın ürək-damar sağlamlığı ilə bağlı risklərini azaltmağa kömək edə bilər. Hətta gündə təxminən dörd dəqiqəlik qısa aktivlik belə faydalı hesab olunur.
Mütəxəssislər gündəlik vərdişlərə əlavə hərəkətlər daxil etməyi də tövsiyə edirlər. Məsələn, dişləri fırçalayarkən dabanları qaldırıb-endirmək, telefonla danışarkən oturmaq əvəzinə gəzmək, iş zamanı müəyyən fasilələrlə ayağa qalxmaq və alış-veriş edərkən səbətdən istifadə etmək fiziki aktivliyi artıran üsullardandır.
Bundan əlavə, avtomobili gediləcək məntəqədən bir qədər uzaqda saxlamaq, pilləkənlərdən istifadə etmək və ev işlərinə daha çox vaxt ayırmaq da hərəkətsizliyin təsirlərini azaltmağa kömək edə bilər.
Mütəxəssislərin fikrincə, kiçik hərəkətləri gündəlik vərdişə çevirmək fiziki aktivliyi daha əlçatan edir. Beləliklə, sağlam həyat tərzi üçün hər zaman uzunmüddətli məşqlərə ehtiyac olmur. Gün ərzində hərəkət etmək üçün yaranan kiçik fürsətlərdən istifadə etmək də ümumi sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.
Fatimə İbrahimova