İdmanda gənc istedadların yetişdirilməsi
Son illərdə Azərbaycanda idman sahəsində gənc istedadların ortaya çıxması diqqət çəkir. Lakin bu gənc idmançıların professional səviyyəyə keçidində müxtəlif problemlər yaşanır.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a bildirib ki, bu artıq federasiyaların üzərinə düşən məsuliyyətdir:
“Hansı sahədə uğur varsa, deməli, həmin federasiya düzgün fəaliyyət göstərir və o idman növündə uğurlar əldə olunur. Əgər uğur yoxdursa, deməli peşəkar idarəetmədə problem var. Eyni zamanda yanaşmada yanlışlıq mövcuddur. Gənc istedadların üzə çıxması əsas məsələdir və bu, federasiyaların fəaliyyətini əlaqələndirən mövzudur. Məşqçilərin peşəkarlığına nəzarət olunmalıdır, onların potensialının üzə çıxmasında birbaşa dəstək göstərilməlidir. Bu problemlər çox vaxt sahədə yanlış insanların başda olmasından irəli gəlir. İdmançı bazasında isə bütün səviyyələrdə ciddi nəzarət olmalıdır”.
Ekspertin sözlərinə görə, yalnız fiziki hazırlıq kifayət deyil, idarəetmə, məşqçi keyfiyyəti və düzgün nəzarət sistemləri gənc idmançıların uğur qazanmasında əsas rol oynayır.
Fatimə Hüseynli
