III Çarlz qul ticarətinin yaratdığı iztirablardan danışacaq
Bukinqem Sarayı bildirib ki, Kral III Çarlz Karib hövzəsinə səfərinin son dayanacağı olan Antiquada transatlantik qul ticarətinin yaratdığı və bu gün də davam edən iztirablardan “tam səmimiyyətlə” və “dərin kədər hissi ilə” danışacaq. Kral çərşənbə axşamı Millətlər Birliyinin (Commonwealth) liderləri qarşısında çıxış edərkən bu məsələyə də toxunacaq.
Böyük Britaniyanın Baş naziri Endi Börnem bir müddət əvvəl “The Guardian” qəzetində dərc olunan məqaləsində ölkəsinin qul ticarətindəki roluna görə rəsmi üzr istəməsi ehtimalına “açıq olduğunu” bildirib. Bu açıqlama hökumətin əvvəlki mövqeyindən müəyyən qədər geri çəkilməsi kimi qiymətləndirilir.
Məqalədə səsləndirilən fikirlər barədə cümə axşamı gecə Bukinqem Sarayı məlumatlandırılsa da, Kralın çıxışında bununla bağlı heç bir dəyişiklik edilməyib. Böyük Britaniya hökuməti indiyədək köləliyə görə rəsmi üzr istəməyib və təzminat ödənilməsini təklif etməyib.
Börnem əvvəlki baş nazirlərin siyasətinə uyğun olaraq təzminat məsələsinin müzakirəsindən də çəkinirdi. Antiqua və Barbudanın Müstəqillik Günü münasibətilə xalqa müraciət edən Baş nazir Qaston Braun isə köləlik tarixinin ağrılı olduğunu və onun nəticələrinin zaman keçdikcə aradan qalxmadığını bildirib.
O qeyd edib ki, təzminat ədalətinə nail olmaq ciddiyyət, həssaslıq və davamlı beynəlxalq əməkdaşlıq tələb edir. Braunun sözlərinə görə, hökuməti bu məsələni həm Böyük Britaniya və Millətlər Birliyi ölkələri ilə ikitərəfli danışıqlarda, həm də Millətlər Birliyi Hökumət Başçılarının Görüşündə (CHOGM) müzakirə edir.
Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok isə “üzr istəməklə bağlı bitib-tükənməyən müzakirələri” mövcud problemlərin həllindən diqqəti yayındıran amil kimi qiymətləndirib.
“Transatlantik qul ticarəti əsrlər əvvəl baş verib. Artıq Millətlər Birliyinin davamlı olaraq keçmişə baxmaq əvəzinə, gələcəyə diqqət yetirməsinin vaxtı çatıb”, – deyə o bildirib.
Kral CHOGM çərçivəsində açılış nitqi ilə çıxış edəcək. Bukinqem Sarayının sözçüsü bildirib ki, Kral səfər zamanı keçmişin utancverici məqamları ilə üzləşməkdən çəkinməyəcək. Onun bu məsələlərə tam səmimiyyət və kədərlə yanaşacağı, eyni zamanda hökumətlər arasında aparılacaq geniş müzakirələrə hörmətlə yanaşacağı gözlənilir.
Kralın Baş nazirin açıqlamalarına münasibəti ilə bağlı suala cavab verən saray nümayəndəsi bildirib ki, onun hökumətin mövqeyi ilə bağlı siyasi məsələlərə münasibət bildirməsi məqsədəuyğun olmazdı.
Karib hövzəsinə səfər Kralı Böyük Britaniyanın müstəmləkəçilik irsi ilə bağlı mürəkkəb müzakirələrin mərkəzinə gətirib. Baham adalarında o, “keçmişin əzabları”ndan danışıb, Qayanada isə yüzlərlə insanın həlak olduğu qul üsyanının baş verdiyi ərazini ziyarət edib. Bukinqem Sarayı bu səfərin Kral üçün köləlik tarixi haqqında daha çox məlumat əldə etmək imkanı yaratdığını bildirib.
Səfər proqramına, həmçinin ətraf mühitin mühafizəsi, gənclər üçün imkanların genişləndirilməsi və ticarət əlaqələrinin inkişafı ilə bağlı görüşlər daxil edilib.
Kralın ətrafındakı mənbələr üzr istənilməsi ilə bağlı qərarın sarayın deyil, hökumətin səlahiyyətində olduğunu vurğulayıblar.
“Əlahəzrət diplomatik çətinliklərdə təcrübəlidir. O, mürəkkəb məsələlərin gündəmdə olduğu çətin səfərlərə hazırdır və bunu Britaniya ilə Millətlər Birliyi naminə üzərinə düşən vəzifə kimi görür”, – deyə Kralın köməkçilərindən biri bildirib.
Börnem “The Guardian” qəzetindəki məqaləsində transatlantik qul ticarətini “qəddar və barbar” adlandıraraq Britaniyanın öz keçmişi ilə üzləşməli olduğunu qeyd edib. O, həmçinin Millətlər Birliyinin fəaliyyətinin gücləndirilməsini və 56 ölkəni birləşdirən bu təşkilatın dəyişikliklərə nail olmaq üçün vasitəyə çevrilməsini təklif edib. Bildirilir ki, Kral da bu yanaşmanı dəstəkləyir.
Kralın açılış nitqi ilə çıxış edəcəyi CHOGM hər iki ildən bir keçirilir. Budəfəki görüşün rəsmi mövzusu “Çiçəklənən Birlik üçün Tərəfdaşlıqların və İnvestisiyaların Sürətləndirilməsi”dir.
Kraliça Kamilla da Kralı Antiquaya səfərində müşayiət edir. Cütlük bazar günü səhər adada Müstəqillik Günü münasibətilə keçirilən kilsə ibadətində iştirak edib. Mərasim zamanı Şimali-Şərqi Karib və Aruba yepiskopu Ernest Flemminq Birliyin inkişafının “ortaq rifah” prinsipi əsasında qurulmalı olduğunu vurğulayıb.
“Əsl tərəfdaşlıq qarşılıqlı hörmət, bir-birini dinləmək və ədalət tələb edir”, – deyə yepiskop bildirib.
Bukinqem Sarayının nümayəndəsi qeyd edib ki, Millətlər Birliyi geniş coğrafiyanı əhatə etsə də, liderlərin əməkdaşlığı üçün kifayət qədər yığcam təşkilatdır. Onun sözlərinə görə, Kral müxtəlif ideyalar irəli sürməklə bu əməkdaşlığa dəstək göstərir.
Bazar günü günortadan sonra Müstəqillik Günü mərasimi zamanı güclü yağış yağıb və Kral tamamilə islanıb. Onun əlində çətir olmayıb. Yağış başlayan kimi Kraliça Kamilla üçün çətir gətirilib. Kralın da özü üçün çətir istədiyini işarə etdiyi müşahidə olunub.
Son bir neçə ay Kral üçün bir sıra çətinliklərlə yadda qalıb. Bunlara qardaşı Endrü Mauntbatten-Vindzorla bağlı hadisələr və keçmiş qayını Erl Spenserin kitabının nəşri daxildir. Bundan əlavə, oğlu, Sasseks hersoqu Harri avqust ayında həyat yoldaşı Meqan və iki övladı ilə gözlənilmədən Böyük Britaniyaya qayıdıb.
Kralın ailə məsələlərinə münasibətinin monarxiya institutuna dair ictimai rəyə təsiri ilə bağlı suala onun köməkçilərindən biri BBC-yə qısa cavab verib: “Bəli, məhz buna görə o, bu addımları atır”.
Meqanın atası Tomas Marklla bağlı iddialara münasibət bildirən saray nümayəndəsi isə şəxsi ailə məsələlərinə şərh vermədiklərini deyib.
Kral, eyni zamanda, xərçəng xəstəliyinə görə müalicəsini davam etdirir. 2024-cü ilin əvvəlində ona diaqnoz qoyulmasından sonra səhhətinin müsbət istiqamətdə irəlilədiyi bildirilir. Tezliklə 78 yaşını qeyd edəcək Kral isti və rütubətli hava şəraitində Karib hövzəsinə doqquz günlük səfərini davam etdirir. Səfərin sonunadək onun ümumilikdə 36 rəsmi tədbirdə iştirakı gözlənilir.
Aysu Qədirzadə